AZ

Dmitri Peskov: Putin ABŞ-ın xüsusi nümayəndəsi vasitəsilə Trampa siqnallar göndərib

Moskva, 14 mart, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında ABŞ-ın xüsusi nümayəndəsi Robert Vitkoff ilə görüşüb və onun vasitəsilə Donald Trampa məlumat və əlavə siqnallar göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Rusiya ABŞ-dan Ukrayna ilə bağlı əlavə məlumat alıb və Ukraynada nizamlanma ilə bağlı ehtiyatlı optimizm üçün əsas var.

Kremlin sözçüsü Putinin Ukrayna nizamlanması ilə bağlı Trampın mövqeyini dəstəklədiyini vurğulayıb, lakin o, birgə müzakirə tələb edən bir sıra məsələləri qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, həm Moskva, həm də Vaşinqtonda Putinlə Tramp arasında birbaşa söhbətin zəruriliyini başa düşürlər. Lakin hələlik dəqiq tarix razılaşdırılmayıb: “İki prezidentin söhbətinin dəqiq vaxtı hələ razılaşdırılmayıb. Eyni zamanda, cənab Vitkoffun Moskvada aldığı bütün məlumatları özünün dövlət başçısına çatdırmasından sonra biz danışıqların vaxtını müəyyən edəcəyik”, -deyə Kremlin nümayəndəsi bildirib.

Peskov diqqəti Rusiyanın İrana qarşı sanksiyaları qanunsuz hesab etməsinə də çəkib: “İran tərəfi heç vaxt öz ölkəsində, öz istifadəsi üçün nüvə silahı əldə etmək niyyəti ilə bağlı bir kəlmə də deməyib. Bu baxımdan, əlbəttə ki, bütün sanksiyalar, bütün məhdudiyyətlər bizim təsəvvürümüzdə qanunsuzdur, ona görə də bu problemin həlli üçün diplomatik səyləri davam etdirməliyik”.

Bundan əlavə, Peskov diqqəti Rusiyanın xarici investorları cəlb etməkdə maraqlı olduğuna və daxili bazarın onlar üçün açıq qalmasına çəkib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
3
1
azertag.az

2Mənbələr