AZ

Hacı Əliyev: "Bunu prezidentin dilindən eşitmək, hətta Olimpiadanın qızılından da üstündür – MÜSAHİBƏ

Üçqat dünya, dördqat Avropa çempionu və Olimpiya Oyunlarının ikiqat mükafatçısı Hacı Əliyevin AZƏRTAC-a müsahibəsi

- Dünya güləşinin əfsanələrindən biri hesab edilirsiniz. İdmançı karyeranızda dəfələrlə ilklərə və rekordlara imza atmısınız. Uğur hekayənizi bilmək istərdik...

- İdman həyatımda ən sevdiyim və ən çox uğur qazandığım sahə oldu. Sözsüz ki, hər gənc kimi mən də idmana böyük arzularla gəlmişəm. Həmişə Olimpiya çempionu olmaq istəmişəm. Şükürlər olsun ki, karyeram ərzində yüksək nəticələr əldə etmişəm. Bu gün Azərbaycanın sərbəst güləş tarixində yeganə üçqat dünya, dördqat Avropa çempionu və Olimpiya Oyunlarının ikiqat medalçısıyam. Çox uzun illər güləşlə məşğul oldum və istədiyim uğurları əldə etdim. 2014-cü ildən artıq böyüklərdən ibarət yığmada çıxış etməyə başladım. 10 il ərzində dayanmadan vuruşdum və yüksək nailiyyətlər qazandım. Bilirsiniz ki, heç fasilə vermədən bunu bacarmaq olduqca çətindir. Dünya güləşində belədir ki, idmançının ardıcıl iki il dünya çempionu olması asan məsələ deyil. Lakin mən 2014-cü və 2015-ci illərdə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Yalnız 2016-cı ildə Rio de Janeyroda təşkil olunmuş Yay Olimpiya Oyunlarında iştirak etdiyimə görə çempionata qatıla bilməmişdim. Amma 2017-ci ildə yenidən dünyanın ən güclüsü adına yiyələndim.

- Uğurlarınızın arxasında nə dayanır?

- Düşünürəm ki, bu uğurları əldə etmək üçün, ilk növbədə, Allahın rizası olmalıdır. İdmançı da öz üzərində kifayət qədər işləməlidir. Sevinirəm ki, bu şərəfli yolda böyük uğurlar qazandım.

- Necə düşünürsünüz, güclü idmançı olmaq üçün nələrə diqqət yetirmək lazımdır?

- Bunun üçün zalda birgə məşq etdiyin yüz nəfərdən daha çox çalışmalısan. Məşqçinin tapşırıqlarını yerinə yetirmək, onun sözünə qulaq asmaq lazımdır. Nəticə qazanmaq kənardan asan görünə bilər. Amma heç də elə deyil. Mənə elə gəlir ki, güclü idmançı olmaq üçün ilk növbədə, zaldakı idmançıları üstələməlisən. Daha sonra nüfuzlu yarışlarda qarşına çıxan rəqiblərlə çəkinmədən döyüşməli və qalib gələ bilməlisən. İdmanla məşğul olub-olmamalarından asılı olmayaraq, gənclərə tövsiyəm budur ki, hər zaman sağlam həyat tərzini seçsinlər. Qarşılarına məqsəd kimi sağlam yaşamağı qoysunlar. Əks halda, həyatda heç nə əldə etmək olmaz. Ona görə də pis vərdişlərdən uzaq durmaq lazımdır. Fikrimcə, ən gözəli elə idmandır. İdmanla məşğul olub uğur qazansınlar ki, hər zaman ölkədə sayılıb-seçilsinlər.

- Azərbaycanda ölkə rəhbərliyinin idmana yanaşma tərzini necə dəyərləndirirsiniz?

- Azərbaycanda idmançılara olan diqqət və qayğı göz qabağındadır. Beynəlxalq arenalarda uğur qazanan idmançıların zəhmətinə ilin yekununda dövlətimizin başçısı tərəfindən layiqli qiymət verilir. Həmin idmançılar Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar tərəfindən də mükafatlandırılır. Əminliklə deyə bilərəm ki, dünyada ölkə idmanına bu qədər qayğı və diqqətlə yanaşan ikinci Prezident yoxdur. Bunu təkcə mən yox, bütün dünya idmançıları söyləyirlər. Bildiyiniz kimi, mənim bir çox tanınmış əcnəbi güləşçilərlə tanışlığım var. Onlar həmişə Prezidentimizin idmana göstərdiyi diqqəti xüsusi qeyd edirlər. Çünki Bakıda keçirilmiş Avropa və İslam Həmrəyliyi Oyunlarında dövlətimizin başçısının yarış məkanına gəlib, idmançılara medalları şəxsən özünün təqdim etdiyini görüblər. Mənim qazandığım uğurlar da həmişə dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilib. Bir neçə dövlət ordeninə, həmçinin Prezident təqaüdünə layiq görülmüşəm.

- İdmançı karyeranızda unuda bilmədiyiniz görüşünüz hansı olub?

- Bir çox belə an olub. Amma “Tokio-2020“ Yay Olimpiya Oyunlarının finalı mənim üçün ən yaddaqalan qarşılaşma idi. Təəssüf ki, həlledici görüşdə rəqibə uduzaraq gümüş medalla kifayətləndim. Olimpiya çempionu olmaq arzusu ilə böyümüşdüm. Heyf ki, qismət olmadı. Amma Prezident İlham Əliyev bir neçə çıxışında məni Olimpiya çempionu kimi gördüyünü qeyd edib. Bunu ölkəmizin başçısının dilindən eşitmək mənim üçün dünyalara bərabərdir, hətta Olimpiadanın qızılından da üstündür.

- Hər idmançı kimi, yəqin, sizin də karyeranızda örnək götürdüyünüz kimlərsə olub...

- Təbii ki, hər güləşçinin kumiri olur. Hər zaman bildirmişəm ki, mənim üçün belə şəxs Azərbaycanın Olimpiya çempionu Namiq Abdullayevdir. Güləşlə yeni-yeni məşğul olmağa başladığım vaxtlarda Namiq müəllimin uğurlarını görüb çox həvəslənirdim. Bu illər ərzində ondan çox şey öyrənmişəm.

- Bəs dünya güləşində?

- Dünya güləşində isə əfsanəvi Buvaysar Saytiyev örnək götürdüyüm əsas idmançı olub. Bilirsiniz ki, bu yaxınlarda dünyasını dəyişdi. Tək mənim üçün yox, bütün dünya güləşi üçün nümunəvi idmançı idi. Bir də dünyaya belə texnikalı və güclü sərbəst güləşçinin gələcəyinə inanmıram. Çünki belə idmançıların sayı az olur. Fürsətdən istifadə edib, onun yaxınlarına başsağlığı vermək istəyirəm. Allah günahlarını bağışlasın. O, bizim üçün böyük qəhrəman, ən şərəfli güləşçilərdən biri idi.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr