Azərbaycanda şəkərli diabet xəstələrinin sayında azalma qeydə alınıb.
Modern.az-ın məlumatına görə, 2023-cü ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 385.2 min nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 322.3 min nəfərə düşüb.
2023-cü ilin rəqəmləri Dövlət Statistika Komitəsindən, 2024-cü ilin rəqəmləri isə Nazirlər Kabinetinin parlamentə bu gün təqdim etdiyi hesabatda yer alıb.
Qeyd edək ki, 2024-cü ildə şəkər xəstələrinin 24,5%-i Bakı şəhərində, 75,5%-i isə regionlarda qeydiyyata alınıb.
Məlum olur ki, şəkər xəstələrinin sayında son bir ildə təxminən 62 min nəfər (16.3 faiz) azalma var. Azalmanın səbəbi məlum deyil.
Respublika Endokrinoloji Mərkəzin Şöbə müdiri, həkim endokrinoloq Dinar Qəhrəmanova saytımıza açıqlamasında bildirib ki, şəkər xəstəliyi heç vaxt bitmir, amma bu sayın azalmasına qeydiyyatdan çıxan, ölkəni tərk edən şəkərli diabet xəstələri də təsir edə bilər.
Onun sözlərinə görə, şəkərli diabetə yoluxmada həyat tərzi böyük rol oynayır: “Şəkərli diabetin ikinci tipinin əmələ gəlməsində irsiyyətin böyük rolu var. Əgər birinci dərəcəli qohumlarda şəkərli diabet varsa, insan həyat tərzini düzgün sürmürsə, qidalanmasına nəzarət etmirsə, fiziki aktivliyi yoxdursa, yanaşı hipertoniyası varsa, xolesterin qanda yüksəkdirsə, bu şəxsin şəkərli diabetə yoluxma riskini artırır”.
Müsahibimiz qeyd edib ki, qanda şəkəri normada saxlamaq üçün 4 əsas nüansa diqqət etmək lazımdır: “Düzgün qidalanmaq, pəhriz, fiziki aktivliyə diqqət etmək lazımdır. Sonuncu yerdə isə dərman preparatlarından istifadə gəlir. Dərmanlar həkim nəzarəti altında adekvar dozada vaxtlı-vaxtında qəbulu vacibdir. Bu amillər qanda şəkərin normada saxlanmasına kömək edir”.