AZ

"Novruz milli özünüdərk fenomeni olaraq xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynayan bir bayramdır" - RƏY

Azərbaycan təkcə iqtisadiyyatı, resursları, sosial inkişafı, sabitlik məkanı kimi deyil, eyni zamanda maddi-mədəni, tarixi, dini abidələri, gözəl adət-ənənələri, folkloru ilə zəngin ölkədir. Mart ərəfəsində ölkəmizdə hər il xüsusi coşqu ilə qarşılanan Novruz da məhz milli adət-ənənələri özündə əks etdirməsi ilə seçilən əlamətdar günlərdən sayılır. İndiyə qədər öz neçə-neçə nəsillərə təsirini saxlayan Novruz dövlət səviyyəsində qeyd olunur. İnsanlar öz ənənələrin sadiqlik nümayiş etdirir, Novruzun insanlara, cəmiyyətə ötürdüyü mənəvi mesajlara inanırlar. Lakin qəbul etmək lazımdır ki, Novruz və bu kimi əlamətdar günləri zaman-zaman dini dəyərlərlə müqayisə edənlər də az deyil.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, hər bir xalqın, millətin, etnosun özünəməxsus əlamətdar günləri və bayramları olur:

 

“Bu isə xalqı toplum olaraq millət səviyyəsinə qaldırır. Düzdür, bir xalqın millət olması üçün onun dövləti, sərhədləri olmalıdır, amma kreativ atributlardan biri də məhz milli bayramlardır. Azərbaycanda ta qədimdən, hələ dövlətçiliyimiz təzə formalaşan vaxtdan bəri qeyd olunan bir çox əlamətdar hadisələr, bayramlar millətimizin genetik şifrəsinə yazılıb. Biz bundan yan qaça bilmərik. Məlumdur ki, Azərbaycan dövlətində müxtəlif xalqların, millətlərin, dinlərin nümayəndələri yaşayır. Bir çoxları - vaxtilə bizə hücum etmiş ərəblər, farslar, yunanlar, monqol tatarları bu bayramları genetik olaraq daşımaya, Novruz bayramına barmaqarası baxa bilərlər, çünki ayrı xalqların genini daşıyırlar. Azərbaycan xalqının, o cümlədən yerli xalqların adət-ənənəsinə xüsusi baxdıqları, mərasimlərini qeyd etdikləri, dünyagörüşündə, həyati baxış və fəlsəfəsində, yaşam tərzində hər il təkrarladıqları Novruz bayramı, çərşənbələr və bunlarla bağlı olan mərasimlər milli sivilizasiyamızın indiyə qədər qazanmış olduğu, get-gedə təkmilləşdirdiyi çox böyük kulturoloji hadisələr toplusudur. "Novruz bayramını, ilaxır çərşənbələrini qəbul etməyənlər xalqımızdan deyil" demək istəməzdim. Amma belə insanlar varsa, deməli özlərindən bizi ayırırlar. Milli bayramlarımızı qəbul etməyənlər əslində alt qatda həm də mədəniyyətimizi, yaşam tərzimizi qəbul etmirlər. Novruzun özü hansı dini baxışın, milliyətin, məzhəbin nümayəndəsi olmağımızdan asılı olmayaraq hər zaman barışdırıcı, sivil, dinc yaşayışı təbliğ edir. Novruz böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, kənd təsərrüfatı, yaşam tərzi ilə bağlı bilgilər toplusudur. Novruz çərşənbələrdə rəqs etmək, evləri təmizləmək, yeni paltarlar tikmək, şirniyyatlar, yeməklər hazırlamaq, süfrələri bəzəmək, subayları nişanlamaq kimi çox böyük mərasimləri özündə birləşdirir. Çox az xalqda mürəkkəb sivilizasiya kodlarını birləşdirən bu cür bayram var. Novruzda dünyəvilik, millilik var və bunu hər zaman təbliğ etmişik. Kimlərsə tənqidi yanaşa bilər, bayramın təmtəraqlı keçirilməsini anlamayıb, onun dəyərlərini dərk etməyib, nəsə deyə bilər... Biz onlara qulaq asmamalıyıq. Düşünürəm, ictimai qınaq məhz həmin insanlara olmalıdır. Dini baxışına, etnik müxtəlifliyinə görə  bu bayramı bəyənməyə, mərasimlərdə iştirak etməyə bilərsən, amma Novruzu pisləmək, "Azərbaycan xalqına aid deyil" demək düzgün deyil. Novruz İslami bayramlardan daha geniş, qədim tarixə malikdir. Məsələn, Ramazan ayının da atributları var, amma dini bayramdır. Xristianların və bizim də qeyd etdiyimiz "Yeni il" xalqımız tərəfindən normal qarşılanıb, qəbul edilib. Heç vaxt Azərbaycanda oturuşmuş qədim etnik qruplar bu bayrama qarşı çıxmayıblar. Nədənsə digərləri sırf milli bayramlarımıza qarşı çıxırlar. Bu isə savadsızlıqdan, məlumatsızlıqdan irəli gəlir. Buna görə mübahisə etmək lazım deyil. Novruzu elə təmtəraqla qeyd etməli, lazım gəlsə, Braziliya karnavalları kimi bir az da kommersiyalaşdırmalıyıq ki, Novruzun bəşəri bayram olduğunu anlasınlar, hətta BMT, YUNESKO tərəfindən də Şərq xalqlarının mərasim və dünyagörüş fəlsəfəsi kimi qəbul olunsun”.

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Bakinskiy raboçiy” qəzetinin baş redaktorunun müavini, kulturoloq Əbülfəz Babazadə isə deyib ki, Novruz bayramı Azərbaycanın milli-mədəni irsinin ayrılmaz hissəsidir və onun milli bayram olub-olmaması ilə bağlı mübahisələr, əsasən tarixi və etimoloji yanaşmalardan qaynaqlanır:

 

“Lakin bu mübahisələrə baxmayaraq, Novruz xalqımızın yüzillər boyu qeyd etdiyi və milli kimliyimizin tərkib hissəsi sayılan bir bayramdır. Novruzun tarixi dərin köklərə malikdir və Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ərazilərini əhatə edən bir coğrafiyada yayılıb. Novruzun bir çox elementləri hətta Yaponiyada, qədim yapon mədəniyyətində müşahidə olunur. Bununla belə, hər xalq Novruzu öz mədəniyyətinə uyğun şəkildə yaşadır və zənginləşdirir. Azərbaycanda Novruzun qeyd edilməsi özünəməxsus adət-ənənələrlə – çərşənbələr, tonqallar, səməni, bayram süfrəsi və digər mərasimlərlə müşayiət olunur. Bu isə onun xalqımızın həyat tərzi ilə tam uzlaşdığını və milli dəyərlərimizə nüfuz etdiyini göstərir. Novruzla bağlı müzakirələrin bir mənbəyi də məhz din, İslam faktoru ilə bağlı olmasından əminəm. Əlamətdar haldır ki, son illərdə Novruz bayramı müqəddəs Ramazan ayı ilə üst-üstə düşür. Bəziləri bunu təsadüf hesab etsə də, mən bunu bir qədər fərqli dəyərləndirirəm. Bu, qloballaşma dövründə bir tərəfdə ateizm və ksenofobiya, digər tərəfdə isə dini radikalizm və fundamentalizmin yüksəlişi fonunda bizə göndərilən mühüm bir mesajdır. Bu, insanlara öz inanclarına və eyni zamanda ənənələrinə eyni dərəcədə hörmət və sevgi ilə yanaşmağı xatırladan rəmzi bir işarədir. Novruz bizim etnik tariximiz və mədəni yaddaşımızdır, Ramazan isə ümumbəşəri bir mənəviyyat sərvətimizdir. Birini digərinin xatirinə inkar etmək, əslində yalnız özümüzə zərər vurmaq deməkdir. Azərbaycan xalqı xoşbəxtdir, çünki biz zaman-zaman müxtəlif dinləri və konfessiyaları yaşamış, onların gətirdiyi dəyərləri dərk etmişik. İslamdan öncəki inanclarımız, mədəni köklərimiz məhz islamı daha dərindən qavramağımıza yardım edir. Təəssüf ki, bunu dərk edənlər azdır”.

 

Kulturoloq bildirib ki, Novruz təbiətin oyanışıdır: “Biz yeni doğulan bir körpəyə necə seviniriksə, yeni təbiət dövrünün başlanğıcına da elə sevinməliyik. Bu sevincdə qınanacaq heç nə yoxdur. Novruzu inkar etmək və onu qeyd etməmək öz ata-babalarımızı unutmağa bərabərdir. Bu isə nə dini, nə də mənəvi baxımdan düzgün deyil. Çünki biz öz kimliyimizi, dəyərlərimizi, yaddaşımızı məhz bu ənənələr vasitəsilə yaşadırıq. Əgər biz bunu itirsək, kimliyimizi də itirmiş olarıq. Eyni zamanda Novruz milli özünüdərk fenomeni olaraq xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynayan bir bayramdır. Tarixə nəzər yetirdikdə görürük ki, Novruz geniş bir coğrafiyada – Balkanlardan, Qafqaz və  Orta Asiyaya, Anadolu torpaqlarından Hindistanadək bir çox xalqların yaddaşında iz qoymuş, müxtəlif mədəniyyətlərin bir-birinə yaxınlaşmasına xidmət etmişdir. Deməli, Novruzun qeyd edilməsi həm də xalqlararası əlaqələrin möhkəmlənməsinə, inkişafına xidmət edən mühüm amildir. Mədəniyyət və adət-ənənə vasitəsilə xalqlar arasında sülh və əmin-amanlığı təmin etmək mümkündür. Novruzun ruhunda yer almış yeni başlanğıc, barış, həmrəylik və birgə gələcəyə inam müasir dövrümüzün vacib milli-mənəvi dəyərlərindən biridir. Bu bayram insanlar arasında mehribanlığı, dostluğu və sülhü gücləndirir. Tarix boyu Novruzun möhtəşəm şəkildə keçirilməsi onu gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb. Əgər bu ənənə yaşadılarsa, gənclər milli dəyərlərə daha sıx bağlanar, öz tarixi köklərini daha yaxşı anlayar və onları gələcək nəsillərə ötürərlər. Buna görə də Novruz nə qədər təntənəli qeyd olunarsa, onun mahiyyəti bir o qədər aydın açılar. Bu bayram ailə daxilində bir süfrə ətrafında toplaşmaqla yanaşı, milli və beynəlxalq səviyyədə ortaq dəyərlərin paylaşılması, mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün unikal bir fürsətdir”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2025, 14:37   
Seçilən
10
pravda.az

1Mənbələr