AZ

Azərbaycana qarşı uğursuz kampaniya: İflasa məhkumdur

"Biz həm COP 29 ərəfəsində, həm də XII Qlobal Bakı Forumu beynəlxalq tədbirdən sonra Qərb mediasında Azərbaycanla bağlı heç bir fakta söykənməyən qərəzli kampaniyanın aparıldığının şahidi olmuşuq. Bu anti-Azərbaycan kampaniyası bugün də davam edir və yalnız mətbuatla məhdudlaşmır".

Bu sözləri "Cebheinfo.az" -a açıqlamasında AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, ayrı-ayrı Qərb dövlətləri və onların təhsir dairələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar vasitəsilə bu qarayaxma kampaniyası aparılır. 

"Bu kampaniyanın arxasında dayanan güclər və maraqlar isə bəllidir. Bir qismi erməni diaspor təşkilatlarından aldıqları pullar hesabına, bir qismi isə öz maraqlarını təmin etmək məqsədilə bu kampaniyadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ən mühüm səbəb isə Azərbaycanın müstəqil siyasi xətti yürütməsini qəbul etməmələri ilə bağlıdır. Onlar Azərbaycanın mövqeyini zəiflətmək və onu sözə baxan bir dövlətə çevirmək istəyirlər. 

Azərbaycanın təzyiqlərə boyun əyməməsi isə bu dairələri qarayaxma kampaniyasını aparmağa sövq edir. Bu dairələr özlərinin Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün Azərbaycanı qarşılarında əngəl kimi görürlər." 

Politoloq xüsusilə Fransanın rəhbərliyi altında aparılan anti-Azərbaycan kampaniyasının ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına xidmət etdiyini deyib: 

"Azərbaycanın Fransanın casus şəbəkəsinə vurduğu zərbə və Fransanın müstəmləkə siyasətinə qarşı apardığı aktiv kampaniya Makron hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Ayrı-ayrı Fransa rəsmiləri açıq şəkildə Azərbaycanın qarşısında aciz olduqlarını bəyan ediblər və biz buna şahid olmuşuq". 

Politoloq vurğulayıb ki, Fransanın Ermənistanda əldə etdiyi uğurlara baxmayaraq, o, yalnız Ermənistanla Cənubi Qafqazdakı maraqlarını təmin edə bilməyəcəyini yaxşı başa düşür. "Buna görə də Azərbaycana qarşı kampaniya apararaq, ölkəmizi neytrallaşdırmağa çalışır. Amma indiyə qədər aparılan kampaniyalar göstərib ki, müxtəlif dairələrin, media qurumlarının və beynəlxalq təşkilatların təzyiqi heç bir nəticə verməyib. 

Bu cür davranışlar Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə heç bir şəkildə təsir göstərmir. Bütün çabalara baxmayaraq, bunu COP29 və həmin tədbirdə iştirak səviyyəsi, eləcə də sonrakı beynəlxalq tədbirlər də nümayiş etdirdi. 

Çünki aparılan anti-Azərbaycan kampaniyası həqiqət və ədalətdən uzaqdır. 

Həqiqət və ədalət olmayan yerdə isə heç bir nəticə əldə etmək mümkün deyil. Bu baxımdan, bu kampaniyanın heç bir nəticə verməyəcəyini indidən demək olar". 

Qeyd edək ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışında "Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. 

Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. 

Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. “Vaşinqton Post“, “Nyu York Tayms“, “Politco”, “Newsveek” və “Assoşieyted Press“ kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər”,-deyib.

Prezident bildirib ki, ikinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi: 

“Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi”.

Seçilən
1
cebheinfo.az

1Mənbələr