AZ

Biləsuvarın mərkəzi stadionunun problemi: "Ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb"

Biləsuvarın idman mərkəzi olan mərkəzi stadion bərbad vəziyyətdədir.

News365.az-a daxil olan məlumata görə, stadionun pis vəziyyətə düşməsi futbolçuların fəaliyyətinə mənfi təsir göstərir. Hər an çökmə təhlükəsi mövcuddur.

Stadionun ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb, meydançanın yardımçı binası isə istifadə üçün əlverişsizdir. 1998-ci ildə istifadəyə verilən stadion tikildiyi gündən etibarən baxımsız qalıb. Burada müxtəlif yarışlar, rayon səviyyəli tədbirlər və hətta bayram konsertləri təşkil edilib. Biləsuvar Futbol Klubunun təsisçisi Zəfər Kazımov, stadionun şəraitsiz vəziyyətdə olsa da, mümkün qədər istifadə etməyə çalışdığını bildirir. Lakin çox zaman bu vəziyyətə görə məğlubiyyətlə barışmalı olurlar.

“Ən böyük problem geyinib-soyunma otağımızın istismara yararsız olmasıdır, azarkeşlərin oturduğu skameykalar təhlükəlidir. Hətta bizə dəfələrlə xəbərdarlıq edilib ki, azarkeşləri stadiona buraxmayın, çünki skameykalar təhlükəli vəziyyətdədir, hər an çökə bilər”.

Bu vəziyyətdən ən çox futbolçular narazıdır. Futbolçu Rza Rzazadə, stadionun texniki təminatının və digər problemlərinin müəllimləri tərəfindən öz cibindən qarşılandığını qeyd edir:

“İki ildir ki, var olmağa çalışırıq… Stadionun vəziyyətini özümüz bir neçə kollektiv uşaqlarla düzəldirik, müəllimlər əhəng, digər xərcləri özləri qarşılayır. Klubun şəxsi imkanları isə tükənir. Biz Gənclər və İdman Nazirliyindən kömək gözləyirik”.

Digər futbolçu Allahverdi Məhərrəmov da şəraitin olmamasından şikayət edir:

“Şərait yoxdur, yuyunmaq üçün yer belə tapmırıq, komandalar gəlir və biz onları qarşılayacaq şəraitə sahib deyilik, vəziyyət çox bərbadıdır”.

Biləsuvar Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, stadionun mövcud vəziyyətindən xəbərdardırlar və onun əsaslı təmiri növbəti ilin layihə planına daxil edilib.

Seçilən
13
news365.az

1Mənbələr