Rusiya prezidenti Vladimir Putin martın 14-də gecə saatlarında ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofu Kremlə qəbul edib.
Modern.az-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Görüş zamanı ABŞ tərəfindən əlavə məlumatlar təqdim edilib və Putin Uitkofun köməyilə prezident Donald Trampa xüsusi mesajlar göndərib. Bununla bağlı detalları açıqlamayan Peskov Moskva və Vaşinqton arasında gələcək telefon danışığının gözlənildiyini bildirib.
Uitkofun Moskvaya səfəri əvvəlcədən rəsmi şəkildə elan olunmayıb. Görüşdən sonra xüsusi elçinin təyyarəsinin gecə saat 01:54-də “Vnukovo” hava limanından ayrıldığı qeyd olunub.
Görüş Ukraynada münaqişənin davam etdiyi və Putinlə Lukaşenkonun birgə bəyanat verdiyi gün baş tutub. Rusiya lideri atəşkəslə bağlı ABŞ və Kiyevin təkliflərinə ehtiyatla yanaşdığını və bu məsələdə çoxsaylı suallarının olduğunu bildirib.
ABŞ və Rusiya liderləri arasında birbaşa əlaqənin yaxın vaxtlarda baş tutacağı gözlənilir. Kreml danışıqların baş tutmasının hər iki tərəf üçün zəruri olduğunu vurğulayıb.