“Atəşkəsin olub-olmaması indi Rusiya tərəfdən asılı olacaq, yəni top deyildiyi kimi onların tərəfindədir. Çox güman ki, Rusiyanın Ukraynaya qarşı irəli sürəcəyi tələblər qəbuledilməz olacaq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq Maksim Yali deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağ Evdə toydur, Kremlin xəbəri yox... – Trampın sülh ümidləri yavaş-yavaş PUÇ OLUR
Rəsmi Vaşinqtonun Rusiya-Ukrayna arasında 30 günlük atəşkəs təklifini şərh edən analitik hesab edir ki, Rusiya atəşkəsi qəbul etsə belə, özü bunu pozacaq:
“Bu, Rusiyanın danışıqlardan yayınması və ən azından, döyüş meydanında təşəbbüsü əlinə alması ilə bağlı bir göstərici olacaq. Amma mən, müəyyən şərtlərlə atəşkəs haqqında razılığın əldə olunmasını da mümkünsüz saymıram. Burada ehtimallar 50/50-dir. 2014-cü ildən 2022-ci ilə qədər əldə edilən onlarla atəşkəs razılaşması pozulub və buna görə də hər şey Amerikanın Ukraynaya verəcəyi zəmanətlərdən və Rusiya tərəfinin atəşkəs pozma riski ilə bağlı ABŞ tərəfindən irəli sürüləcək şərtlərdən asılı olacaq”, - deyə M.Yali qeyd edib.
Yali bildirib ki, sanksiyaların gücləndirilməsinə ehtiyac var:
“Hazırda Rusiyanın cavab vermədiyi müddətcə atəşkəsin nə qədər davamlı olacağı barədə danışmaq mənasızdır. Birləşmiş Ştatlarda Donald Tramp öz seçki vədlərini yerinə yetirmək istəyir, müharibəni dayandırmaq və ideal olaraq, bunun üçün Nobel Sülh Mükafatını qazanmaq istəyir.
Təəssüf ki, o, "güclə sülhə məcbur etmək" adlandırdığı siyasəti hələlik, ən azından, Ukraynaya qarşı tətbiq edir, çünki Ukraynaya qarşı onun çoxlu kartları və təzyiq vasitələri var, bu da Ağ Evdəki qalmaqaldan sonra artıq göstərilib. O, Rusiyanın şərtləri pozması halında onlara qarşı ciddi təzyiq göstərməyə, sanksiyalar tətbiq etməyə hazırdırmı? Bu, böyük bir sualdır”, - deyə M.Yali əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media