AZ

Bu şəxslər artıq qızıl ala bilməyəcəklər – ŞOK SƏBƏBLƏR

Qızıl bahalaşmaqda davam edir. “Comex” birjası xəbər verir ki, qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Maraqlıqıdır qızılın bahalaşması Azərbaycana necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, dünyada qızılın bahalaşması ölkəmiz üçün bir neçə aspektdə əhəmiyyətlidir. Bu, həm müsbət, həm də mənfi mənada özünü göstərə bilər.

Pərviz

“Ümumiyyətlə, qızıl qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Sözügedən metalın qiyməti həmişə dünya iqtisadiyyatında ortaya çıxan qeyri-müəyyənliklər və sabitliyin pozulması səbəbindən artıb. Belə ki, aparıcı valyutalara inam azaldıqda, maliyyə vasitələri üzrə risklər yüksəldikdə, investisiyaların icrası üçün şərait daraldıqda, qızıl ən etibarlı və yeganə yatırım vasitəsi hesab olunur. Son 4-5 il ərzində dünyada vəziyyət məlum olduğu kimi qeyri-müəyyən şərait aldığından, qlobal iqtisadi sistemdə çatlar yarandığından, zəncirvari münasibətlər əhəmiyyətli dərəcədə qırıldığından qızıl yenə bahalaşır. Buna 2020-ci ildə pandemiya yol açsa da, sonradan Rusiya-Ukrayna müharibəsi və son olaraq da Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsi zəmin yaradıb. Görünən odur ki, irəlidə məhz ən çox geosiyasi vəziyyət səbəbindən qlobal iqtisadi məkanda “suların durulacağı” gözlənilmir. Odur ki, bahalaşmada yeni-yeni rekordların qeydə alınacağı qaçılmaz sayılır. Ona görə də, ölkəmiz daxilində qızıldan hazırlanan bütün məmulatlar getdikcə daha yüksək qiymətlərlə təklif olunacaq ki, əhali bunlara olan tələbatını ödəməkdə çətinlik çəkəcək. Qeyd olunan məhsullar üzrə alış-veriş azalacaq. Nəticədə də bu işlə məşğul olan sahibkarların ticarəti zəifləyəcək. Bütün bunlar onsuz da artıq bir müddətdir ki, müşahidə edilir. Düzdür, qeyd oluna bilər ki, belə vəziyyətdə əslində müəyyən qrup vətəndaşlar tərəfindən tələb genişlənməlidir. Yəni qızıl bahalaşır deyə, sərbəst vəsaitlərini ondan hazırlanan məmulatları alıb yığmağa yönəldənlərin sayı çoxluq təşkil etməməlidir. Lakin bu, riskdir, həm də sözügedən tendensiya bazara təsir edəcək həddə ola bilməz.”

Ekspert əlavə edir ki, ölkə səviyyəsinə gəldikdə isə, qızılın bahalaşması iki istiqamətdə effektli sayılır. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Yəni, Dövlət Neft Fondunun investisiya portfeli üzrə aktivlərinin bir hissəsi qızıl ilə saxlanılır.

“Bundan əlavə, Mərkəzi Bankın da qızıl ehtiyatı var. Yeri gəlmişkən,, ARDNF-nin ümumi investisiya portfelinin dəyərinin 15%-dək hissəsinin qızılla saxlanması tövsiyə edilsə də, hazırda bu rəqəm 17.7%-ə çatdırılıb. İkincisi, Azərbaycan özü də qızıl ixrac edən ölkədir. Bu qiymətli metal növünü həm hasil, həm də ixrac edirik. Təkcə 2023-cü il ərzində yerli və xarici bazarlarda ümumən 68.1 min unsiya qızıl, 119.8 min unsiya gümüş satmışıq ki, 2022-ci illə müqayisədə bilavasitə bu, qızıl satışı üzrə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62.1 min, gümüş üzrə isə 90.8 min unsiyası xaricdə realizə edilib.”

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr