Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov apapsort.az saytına müsahibə verib.
- Azərbaycan milli komandasının heyəti ilə yəqin ki, tanış oldun. Səncə, milliyə dəvət edilməyə layiq olub, kənarda qalan kim var idi?
- Əlimizdə nə varsa, elə ona uyğun oyunçular çağırılıb. Qeyri-adi bir şey görmədim. Bu haqda nəsə demək lazım deyil. Kimlər var, dəvət ediblər.
- Milli komandaya yeni üzvlər də dəvət aldılar, elə Birinci Liqada "Qəbələ"dən Şahin Şahniyarov. Səncə, Santuş onu həqiqətən də milliyə qazandırmaq istəyir, yoxsa Birinci Liqanı da izlədiyini göstərmək üçün belə bir addım atıb?
- Bəli, elə bir məsələ Şahinin milliyə dəvət edilməsidir. Fernandu Santuş Birinci Liqa, İkinci Liqa oyunlarına gedib baxır. Təqdirəlayiq haldır. Niyə də dəvət edilməsin? Futbolçu oynayırsa, göz qabağındadırsa, gələcəyi varsa, perspektivi varsa, indidən üzərində işləmək lazımdır. Yəqin ki, Santuş da onu düşündüyü üçün Şahini çağırıb.
- Santuşun milliyə hazırda turnir cədvəlində 3-cü pillədə yer alan "Araz-Naxçıvan"dan futbolçu dəvət etməməsini necə qarşıladın?
- Bildiyim qədərilə Fernandu Santuş "Araz-Naxçıvan"dan da oyunçu dəvət etmişdi. 2-3 oyunçumuz var ki, milliyə namizəd idi. Dəvət ediləcək oyunçular da var idi. Sadəcə fikrimcə, zədələr var deyə, bizdən dəvət olmadı.
- Azərbaycan milli komandasını qarşıda Haiti və Belarusa qarşı oyunlar gözləyir. Səncə, bu qədər milli qala-qala niyə Haiti yığması? Bu görüş bizə nə verəcək?
- İnandırım sizi, heç kim bizimlə oynamaq istəmir. Biz necə fikirləşiriksə, məsələn, niyə Haiti ilə oynayırıq, başqaları da belə fikirləşir ki, bizə Azərbaycan kimi rəqib lazım deyil. Təəssüf. Bu oyunlar bizə əlavə motivasiya verəcək ki, qarşıdakı matçlara ciddi və daha yaxşı hazırlaşaq. Bu oyunçuları yaxşı analiz edib, araşdırmaq olacaq.
- Ümumiyyətlə, yeni sezondan legioner limitinin tətbiq edilməsi Azərbaycan millisinə necə təsir edəcək? Hər halda, ola bilsin ki, Santuş oyunçu tapmaqda çətinlik çəksin? Fernandu Santuşun birinci liqanı daimi izləməsi də, onu göstərir ki, yeni sezondan çoxluq məhz həmin liqadan dəvət ediləcək?
- Zaman göstərəcək. Amma həqiqətən də Azərbaycan millisinə mənfi təsir göstərəcək. Demək olar ki, üst pillələrdə qərarlaşan büdcəsi yaxşı olan komandaların hamısı legioner gətirəcək. 2-3 sayılıb-seçilən azərbaycanlı oyunçular oynayacaq, ya oynamayacaq, onu da dəqiq bilmirəm. Aşağı liqalarda, ya da Premyer Liqada sonuncu pillələrdə gedən komandalarda oynayacaqlar. Açıq desək, bəlkə Fernandu Santuş ona görə indidən Birinci Liqanı izləyir. Çünki bilir ki, çox futbolçu Birinci Liqaya gedəcək, ora daha çox fikir vermək lazımdır, daha çox oradan seçim etmək lazımdır. Bəlkə də təməli Şahinlə qoyub. Nə xeyirlidirsə, o da olsun.
İntizam Komitəsinin iclası keçirilib
Region Liqasında II turun təqvimi bəlli olub
"Fənərbaxça" - "Qalatasaray" derbisi bu tarixdə baş tutacaq
Osimhen üçün "Qalatasaray"a rəqib: Ərəblərdən təklif var
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi