Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların dəyişən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.
Əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.
Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə- ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
Modern.az universitetlərdə ikinci təhsilin necə həyata keçirilməsi ilə bağlı ali məktəblər arasında sorğu keçirdib.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, 2024-2025-ci tədris ilində Bakı Dövlət Universitetində təkrar ali təhsilə qeydiyyat Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı üzərindən həyata keçirilib və qeydiyyat bitdikdən sonra müsabiqə əsasında tələbələrin qəbulu aparılıb.
Təkrar ali təhsil alanlar üçün qiyabi təhsilalma forması üzrə dörd illik təhsil nəzərdə tutulmuşdur. Tələbələrin ayrı-ayrı fənlər üzrə əvvəllər qazandıqları kreditlər təhsil müddətinə təsir göstərmir. Nazirlər Kabinetinin müvafiq qaydasına əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Təkrar ali təhsil üzrə təhsil haqqı Universitetin Elmi Şurası tərəfindən təsdiqlənir və hər hansı bir güzəşt nəzərdə tutulmayıb. Təkrar ali təhsil alan tələbələrin təhsil haqqından azad edilməsi və ya hər hansı bir güzəştin tətbiq edilməsi Nazirlər Kabinetinin qaydalarına uyğun deyil. Təkrar ali təhsil alan tələbələr üçün dərs saatları gün ərzində saat 08:30-dan-18:55-dək təşkil olunur və axşam təhsili və distant təhsil nəzərdə tutulmamışdır. Təkrar ali təhsil alan tələbələr üçün ayrıca qruplar formalaşdırılır və müvafiq tədris planına əsasən dərslər aparılır.
Təkrar ali təhsil alan tələbələr də həmçinin BDU ilə təhsilalanlar arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuş xidmətlərdən – yataqxana və digər sosial imkanlardan istifadə edə bilərlər. Təkrar ali təhsil üzrə ixtisasın tədris planında nəzərdə tutulmuş kreditləri toplayan tələbələr Universiteti bitirmiş hesab olunur və onlara bakalavr dərəcəsi üzrə müvafiq diplomlar verilir. Ali təhsilin bu istiqaməti üzrə bitirən tələbələr də növbəti təhsil pilləsi üzrə təhsillərini magistratura və doktorantura üzrə davam etdirmək hüququna malikdirlər. Təkrar ali təhsil alan tələbələr Təhsil proqramında nəzərədə tutulmuş təcrübələri ixtisaslarına uyğun olaraq dövlət və özəl müəssisələrdə yerinə yetirərək ixtisasın praktik biliklərinə yiyələnirlər.
Azərbaycan Dillər Universiteti (ADU) sorğumuza cavab olaraq bildirdi ki, ADU – da təkrar ali təhsilə müraciət cari ilin may ayından avqust ayının sonuna qədər portal.edu.az saytı vasitəsilə həyata keçirilir. Müraciət edənin sənədləri -diplom, diploma əlavə və şəxsiyyət vəsiqəsi portala yükləndikdən sonra imtahanlar və müsahibələr haqqında məlumat şöbənin əməkdaşı tərəfindən portal vasitəsilə şəxsi kabinetə göndərilir.
Müraciətçi 2-ci kursdan qəbul olunur belə ki, 1-ci kursun davamedici fənlərini əlavə olaraq digər qruplarla davam edərək vaxtını tənzimləyir. Ümumilikdə təhsil müddətini 4 ilə başa vurur.
ADU-da təkrar ali təhsil ödənişli əsaslarla həyata keçirilir. İkinci ali təhsildə ödənişlər ixtisaslar üzrə dəyişir. İlkin ixtisasdan fərqlənir. İşləyən tələbələr üçün hissəli ödəmə imkanı yaradılıb. Təkrar ali təhsilə müraciət edən tələbələrin dərs saatları tyutorlar tərəfindən müəyyən edilir. Universitetdə ikinci təhsil alanlar üçün axşam və ya qiyabi təhsil mövcud deyil.
ADU-da təkrar ali təhsilldə dərslər əsas təhsil alanlarla birlikdə keçirilir. Bütün ödənişli əsaslarla oxuyan tələbələrin universitetin yataqxanası və digər sosial imkanlardan istifadə hüququ var.
ADU-da təkrar ali təhsil alan tələbələr eyni dərəcəli bakalavr diplomu alırlar. Diplom eyni ixtisası bitirmiş diplomla eyni hüquqa malikdir. İkinci təhsil alanlar üçün universitetdə xüsusi təcrübə və ya iş imkanları mövcuddur.
Azərbaycan İqtisad Universitetinin qiyabi şöbəsinin dekanı Səbuhi Tanrıverdiyevin saytımıza verdiyi məlumata görə ikinci təhsil üçün şəffaflıq üçün sənəd qəbulu 2015-ci ildən tam olaraq elektronlaşdırılıb və digər universitetlərdən fərqli olaraq sənəd qəbulunu həyata keçirmək üçün universitetin ayrıca elektron platforması -www.kabinet.unec.edu.az fəaliyyət göstərir. Keçid edərək zəruri sənədlərin yüklənməsi həyata keçdikdən sonra, daha sonra sənədlərə baxıldıqdan sonra qəbul prosesi həyata keçirilir. Eyni zamanda iki ildir ki - 2023-2024 tədris ilindən başlayaraq Elm və Təhsil nazirliyinin özünün də mərkəzləşdirilmiş elektron sənəd platforması yaradılıb, proses oradan da həyata keçirilir. Universitetdən o da bildirilib ki, sənədlərin sayı məhduddur sənədlər içərisində birinci ali təhsilli bitirməklə bağlı diplomun, eyni zamanda diplom əlavəsinin – qiymət cədvəlinin və şəxsiyyət vəsiqəsinin sürəti ilə rektorun adına ərizə lazımdır. Digər universitetlərdən fərqli olaraq UNEC-də ikinci təhsil üçün hansısa qəbul imtahanına və müsabiqəyə ehtiyac yoxdur. Əgər sənədlər yerindədirsə siz universitetə qəbul olmuş hesab edilirsiniz.
Səbuhi Tanrıverdiyev vurğulayıb ki, ikinci təhsil alanlarla iki formada təhsil təqdim olunur - əyani və qiyabi. Əksəriyyət qiyabi təhsil formasına üstünlük verir. “Bu il əyani təhsilə qəbul olanların sayı 5 nəfər olub, qiyabi formaya isə daha çox adam üstünlük verib. Əyani təhsil formasına qəbul olanlar 4 il, qiyabi oxuyanlar isə 5 illik təhsil müddəti olur. İkinci təhsil alanlara ixtisaslarına ikinci kursdan başlanılması şəraiti yaradılır, bu halda birinci kursda əvvəllər keçmədiyi fənlər akademik fərq yaradır ki, onları da növbəti təhsil illərində aradan qaldıra bilərlər. Akademik fərq yaradan fənlər çox olarsa, təhsil müddəti bir az daha uzana bilər”.
Nazirlər Kabinetinin müvafiq qaydasına əsasən əlavə təhsil alanlar yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və heç bir halda güzəşt tətbiq edilmir. İkinci ali təhsilin təhsil haqları universitet özü müəyyən edir. İqtisad Universitetində də ikinci təhsil zamanı da ödənişlər hissəli şəkildə həyata keçirilə bilər.
“Əgər ikinci təhsil üçün müraciət edənlərin sayı qrup yaratmağa imkan verirsə, o zaman yeni qrup yaradılır, amma bəzi ixtisaslar var ki, ora müraciətlərin sayı az olur, bu halda Dövlət İmtahan Mərkəzindən imtahan verərək qəbul olunan bakalavrlarla eyni təhsil forması, təhsil proqramı və dərs cədvəli olduğuna görə həmin tələbələrlə eyni dərslərdə iştirak edirlər. İkinci təhsil alanların yataqxana ilə təmin olunması üçün indiyədək müraciətlər olunmayıb, olsa da hazırda universitetdə o imkan dəstəklənmir. İkinci ali təhsil alan şəxslərə verilən diplomlarda onların əlavə təhsil aldıqları ilə bağlı heç bir qeyd olunmur və ikinci ali təhsil alanlara verilən diplomlar birinci təhsil alanlara verilən diplomların verdiyi hüquqları tam əhatə edir. İkinci ali təhsil alan şəxslər daha sonra magistr, doktorantura səviyyəsində, o cümlədən xaricdə də təhsillərini davam etdirə bilərlər. İkinci təhsil alanlar üçün də təhsil müddətinin sonunda istehsalat təcrübəsi nəzərdə tutulur ki, bu zaman həmin şəxslər təcrübə prosesindən keçə bilirlər. Qanunvericiliyə edilən dəyişikliyə əsasən onların hazırda aldıqları ixtisasa uyğun təcrübəsi varsa və ya o sahəyə uyğun yerdə işləyirsə onların təcrübəsi öz işlədikləri yerdə həyata keçirilir, kifayət qədər təcrübəsi olduğu halda isə təcrübədən azad oluna bilərlər”. – deyə Universitetin rəsmisindən bildirilib.
Xəzər Universitetində isə ikinci təhsil almaq imkanı bu ildən başlayacaq. Universitetdən qeyd edilib ki, qeydiyyat Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı üzərindən həyata keçirilir. Təhsil müddəti birinci ixtisasa görə dəyişə bilər və həmin vaxt keçirilən fənlərə bağlıdır. Bütün hallarda ikinci təhsil ödənişli olur və heç bir güzəştlər tətbiq olunmur, sadəcə Universitet tərəfindən hissə-hissə ödəniş etmək imkanı yaradılıb. Universitetdə istər birinci təhsil, istərsə də əlavə təhsil alanlar üçün yalnız əyani təhsil sistemi mövcuddur və dərslər eyni saatlarda keçirilir, eyni qrupda təhsil alırlar. İkinci təhsil alanların da universitetin yataqxanasından və digər sosial güzəştlərdən istifadə etmələri mümkündür. Həmin tələbələr də imtahanla universitetdə təhsil almaq hüququ qazanan tələbələrlə eyni dərəcəli diplom alır və bu sənədlə təhsilin növbəti mərhələlərini– magistratura və doktoranturanı davam etdirə bilirlər.