AZ

Azərbaycanın yaşıl enerji bazarına daxil olmaq üçün mühüm bir fürsət



Azərbaycanın beynəlxalq səviyyədəki fəaliyyəti və iştirak etdiyi əsas beynəlxalq tədbirlərdən biri də iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə keçirilən COP sammitləridir. Bu tədbirlər, ölkənin beynəlxalq aləmdəki mövqeyini gücləndirmək və qlobal iqlim siyasətində aktiv iştirakını təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxış edən cənab Prezident İlham Əliyev ətraflı danışıb: “COP-la bağlı əlavə daha nəyi deyə bilərəm? Birincisi, çox çətin idi, çünki biz tədbiri bir ildən az olan müddətdə təşkil etməli idik. Adətən, ölkələrə hazırlaşmağa iki il vaxt verilir. Bu, yekdil rəy əsasında uğurla həyata keçirildi. İkincisi, biz nəticələrə nail olmalı idik. Burada, bizə şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, biz Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, biz uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi. Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 Bakı sıçrayışı adlandırıldı və bu, mühüm irsdir. Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politco”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi”. Əslində COP29 iqlim dəyişikliyinə qarşı birgə mübarizədir. Bu, 2015-ci ildən bəri dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizə üçün göstərdiyi səyləri bir daha müzakirə edəcəyi və gələcək planlarını müəyyən edəcəyi ən böyük beynəlxalq platformadır. Azərbaycan, bu tədbirdə aktiv iştirak edərək, öz yaşıl enerji və iqlim siyasətindəki irəliləyişləri dünya ictimaiyyətinə təqdim edə bildi. Azərbaycan, bu sammitdə həm də enerji təhlükəsizliyi, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji sahəsindəki siyasətləri ilə çıxış etdi. Qürurla və əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev, ölkəsinin iqlim dəyişikliyinə qarşı apardığı mübarizəni beynəlxalq aləmdə daha da möhkəmləndirdi və bu sahədəki innovasiyaları nümayiş etdirdi. Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki irəliləyişləri isə göz qabağındadır. Dövlətin iqlim siyasətindəki ən əhəmiyyətli dəyişikliklərdən biri, bərpa olunan enerji mənbələrinə yatırımların artmasıdır. O üzdən Prezident İlham Əliyev, Azərbaycanın enerji istehsalının təmiz və yaşıl enerji mənbələrindən ibarət olmasını təmin etməyi planlaşdırır. Bu, həm ölkənin daxili bazarını təmin etmək, həm də qlobal iqlim siyasətinə töhfə vermək məqsədini güdür. COP29-da Azərbaycan, həmçinin, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edib. Bu platformada ölkə, yaşıl iqtisadiyyat və təmiz enerji sahəsində dünya üzrə mövcud olan ən son texnologiyalarla tanış olacaq və bu sahədəki bilik mübadiləsini artıracaq. COP29-un Azərbaycanda keçirilməsi ölkənin təkcə qlobal iqlim siyasətinə verdiyi töhfə ilə deyil, həm də öz iqtisadi inkişafı üçün uzunmüddətli hədəflər qoyması ilə də önəmlidir. Bu tədbir, həm də Azərbaycanın digər dövlətlərlə iqtisadi və texnoloji əməkdaşlığını artırmaq, yeni investisiyaları cəlb etmək və gələcəkdə yaşıl enerji bazarına daha çox daxil olmaq üçün mühüm bir fürsət olacaqdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Seçilən
9
aia.az

1Mənbələr