AZ

Haqqın var 100 il yaşamağa, Habil Surxay oğlu!

Qarabağ qazisi, professor Habil Qurbanovun 70 yaşına

Habil müəllimin 70 yaşını qutlamağa nədən başlayım, bilmirəm.  Böyük şairimiz Əli Kərimlə indi heç cür razılaşa bilmirəm:

“Hər şeyi başlamaq asan bir işdir,

Görünür daha çox sonu çətindir”

Ondan başlayım ki, 14 mart 1955-ci ildə ziyalı -maarifçi ailəsində,  dünyaya göz açıb, sonra birinci sinfə gedib, orta məktəbi bitirib, sonra ali məktəbə qəbul olunub, bitirib, sonra, sonra…Ağdamda doğulmağını, Qarabağla nəfəs aldığını, 30 ilə yaxın Ağdamsız, Şuşasız, Laçınsız…Qarabağsız olduğunu vurğulamağı unutdum. Heç Habil müəllimin, belə baxanda haralı olduğu da bilinmir, doğulduğu elinə, yurduna bütöv bağlıdır, yerliçilik,  ayrıçılıq hissi ona yaddır.

Bəlkə ondan başlayım ki, Qarabağ uğrunda savaşda  KİŞİ KİMİ vuruşub, döyüşlərdə çiyin-çiyinə söykənmişik, sonra arxa-dayağımız olub, arxamızı DAĞA söykəmişik, hansı görəvdə olmağından asılı olmayaraq qapısını açmağa qapı dalında boynubükük dayanmamışıq. Şəhid, qazi adını Habil Surxay oğlu  qutsal, müqəddəs sayır, bir an da olsun şəhid ailələrini, qazi dostlarını unutmur. Özü də vətənə xidmət görəvində, iş başında şəhid olan oğul atası, ŞƏHİD ATASIDIR!  Böyük elm adamı, hüquq elmləri doktoru, professor olduğunu vurğulamağı unutdum. Belə baxanda Habil müəllimin ziyalılığı, alimliyi üzündən oxunur. Bir də alim olmaq olar, çətini adam olmaqdır, özü də el adamı! Habil müəllim əsl el adamıdır!

Bəlkə ondan başlayım ki, 44 günlük ZƏFƏR SAVAŞINDA Ali Baş Komandanın hər çıxışını, 8 NOYABRA aparan hər sorağını necə bölüşürdü! Necə “ZƏFƏRİN MÜBARƏK, PREZİDENTİM, ALİ BAŞ KOMANDANIM, DOĞMA YURDUM, ANA VƏTƏNİM, AĞDAMIM, QARABAĞIM, AZƏRBAYCANIM!” deyirdi. Necə göz yaşları içində gözaydınlığı verirdi.

70 yaşın mübarək,  döyüş dostumuz, arxa-dayağımız Habil Surxay oğlu! Nə yaxşı doğulmusunuz, nə yaxşı varsınız! 70 illiyinizdə də umacağımız var, bundan sonra da bir 30 il belə KİŞİ KİMİ yaşayın! Məmməd Araz demiş, haqqın var yaşamağa!

Məğrur BƏDƏLSOY

Seçilən
9
hurriyyet.az

1Mənbələr