AZ

Azərbaycanın tələbləri yerinə yetirilməlidir: Əks halda sülh sazişinin imzalanması mümkün görünmür

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə bölgədə gərginliyə və qeyri-sabitliyə səbəb olub. Son dövrlərdə aparılan sülh danışıqları, hər iki ölkə arasında davamlı sülhün bərqərar olması üçün yeni ümidlər yaradıb.

Sülh prosesinin uğurla yekunlaşması təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət daşıyır. Lakin sülhün təmin olunması təkcə sazişin razılaşdırılması ilə bitmir, onun imzalanması və qarşılıqlı şərtlərin yerinə yetirilməsi də vacibdir. Bu yazıda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyi, qarşıda duran əsas maneələr və bu prosesin uğurla nəticələnməsi üçün tələb olunan şərtlər təhlil ediləcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının uğurla yekunlaşması Cənubi Qafqazda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması istiqamətində atılmış mühüm bir addımdır:

"Bu addımın gələcəkdə müsbət nəticələr verməsi gözlənilir. Lakin bu uğurun davam etdirilməsi və yekun nəticənin əldə olunması da olduqca vacibdir. Çünki sülh sazişi razılaşdırılsa belə, imzalanmadan onun iki ölkə arasında davamlı sülhün təmin olunmasına ciddi təsir göstərəcəyi şübhəlidir. Buna görə də ən qısa zamanda bu sazişin imzalanması mühüm əhəmiyyət kəsb edir. Bununla belə, sazişin imzalanması qarşısında müəyyən maneələr mövcuddur. Rəsmi İrəvan hələlik Azərbaycanın bir sıra əsas prinsipial şərtlərini yerinə yetirməyib. Bu şərtlər, ilk növbədə, Ermənistanın konstitusiya islahatlarına gedərək Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələri ləğv etməsi ilə bağlıdır".

Elçin Xalidbəyli: Bu tələblərin yerinə yetirilməsi zəruridir

E.Xalidbəyli qeyd edib ki, rəsmi Bakı Ermənistanın Azərbaycanla birlikdə ATƏT-ə müraciət edərək Minsk qrupunun ləğvini tələb edir. Həmçinin Azərbaycan tərəfi Ermənistanın sərhəd bölgəsində xarici qüvvələrin yerləşdirilməsindən imtina etməsini istəyir. Bu tələblər sırasında Avropa İttifaqı “müşahidə missiyası” adı altında Azərbaycan sərhədlərində casusluq fəaliyyəti göstərən Qərb ölkələrinin kəşfiyyat qruplarının da Ermənistandan çıxarılması tələb olunur:

"Bu tələblərin yerinə yetirilməsi zəruridir. Əks halda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkün görünmür. Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkənin yeni konstitusiyasının layihəsinin hazırlandığını bəyan etmişdi. Lakin bu bəyanatın real həyatda necə reallaşacağı hələlik qeyri-müəyyən qalır, çünki Ermənistanda radikal qüvvələr buna ciddi müqavimət göstərirlər".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bununla belə, əgər Ermənistan sülh istəyirsə, o zaman Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməli və konstitusiyasında bununla bağlı müvafiq dəyişikliklər aparmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamalarında da bu məsələlərə dair prinsipial və qətiyyətli mövqeyi açıq şəkildə ifadə olunub. Rəsmi Bakı Ermənistana etibar etmir və Azərbaycan prezidenti də Ermənistanın silahlandığını, xüsusilə Fransadan hərbi texnika əldə etdiyini vurğulayıb. Ermənistanın əldə etdiyi silahların Azərbaycana qarşı yönəldiyi də açıq-aşkar görünür.

"Azərbaycan prezidenti tamamilə haqlıdır. İlham Əliyev Ermənistanın Azərbaycan üçün təhlükə yaratdığını daim nəzərə alır və onun təxribatlara hazır olduğunu diqqətdə saxlayır. Bu səbəbdən Azərbaycan Ordusu hər zaman yüksək döyüş hazırlığı vəziyyətindədir. Bütün bunlar onu göstərir ki, əgər Ermənistan doğrudan da sülh tərəfdarıdırsa və sülh sazişinin imzalanmasını istəyirsə, onda Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməli və bundan sonra iki ölkə arasında sülh sazişinin imzalanmasını təmin etməlidir",- Elçin Xalidbəyli fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Seçilən
15
bakivaxti.az

1Mənbələr