AZ

Kimya sənayesi məhsullarının ixracı dəyər ifadəsində 60 faiz artıb

2025-ci ilin yanvar ayında Azərbaycanın kimya sənayesində 143,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci ayında kimya sənayesi sahəsində istehsal müxtəlif istiqamətlər üzrə fərqli dinamika nümayiş etdirib. Ümumi istehsal göstəricilərinə nəzər yetirdikdə:

▪️ Təsirsiz qazlar üzrə istehsal 4 faiz artaraq 3618,4 min kubmetrə çatıb. Bununla belə, azot istehsalı 5,1 faiz azalaraq 1858,7 min kubmetr təşkil edib.

▪️ Lak-boya məmulatları istehsalında əhəmiyyətli yüksəliş qeydə alınıb – bu sahədə artım 44,8 faiz təşkil edərək 2380,1 tona çatıb.

▪️ Qeyri-üzvi kimyəvi maddələrin istehsalı 11,5 faiz azalaraq 2000 tona düşüb.

▪️ Üzvi kimyəvi maddələr istehsalı 80 min ton olmaqla, 6,2 faiz azalıb:

▪️ Etilen istehsalı 19,1 faiz artaraq 15,6 min ton təşkil edib.

▪️ Propen (propilen) istehsalı 26,6 faiz artaraq 13,8 min tona yüksəlib.

▪️ Metanol (metil spirti) istehsalı isə 21,6 faiz azalaraq 38,4 min ton olub.

Kimya sənayesinin ixrac göstəriciləri

Hesabat dövründə kimya sənayesi məhsullarının ixracı nəzərəçarpacaq dərəcədə artıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac olunan məhsul həcmi 5,6 faiz artaraq 113 789,52 tona çatıb. Dəyər ifadəsində isə ixrac 60 faiz artaraq 22,077 milyon dollardan 35,54 milyon dollara qədər yüksəlib.

Kimya sənayesi məhsullarının ixrac strukturunda əsas payına azot gübrəsi sahibdir. Bir ay ərzində bu məhsuldan 73 514,4 ton ixrac olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz çoxdur. Azot gübrəsinin ixracı dəyər ifadəsində ikiqat artaraq 21,05 milyon dollara çatıb.

Seçilən
6
vergiler.az

1Mənbələr