AZ

Satıcı Azərbaycan ərazisində satdığı malların, qiymətlərini yalnız manatla göstərməlidir - RƏSMİ

Məlumdur ki, istehlakçıların əsas hüquqlarından biri əldə etdikləri mal, iş və ya xidmət haqqında məlumat almaqdır. İstehlakçının məlumat almaq hüququnun təmin olunması onun seçim etmək hüququnu gerçəkləşdirməsinə şərait yaradır. Lakin bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə  kassadakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Bəzən qiymətlər manatla deyil, xarici valyuta ilə qeyd olunur ki, nəticədə istehlakçıların mal haqqında məlumat almaq hüququ pozulmuş olur.

 Malların qiymətlərinin göstərilməsinə dair ümumi tələblər barədə

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin və xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı Azərbaycan Respublikasının ərazisində satdığı malların, işlərin, xidmətlərin qiymətlərini yalnız manatla göstərməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət və ictimai iaşə obyektlərində satışda olan malların qiymətlərinin göstərilməsinə dair əsas ümumi tələblər müəyyən edilib. Həmin tələblər bunlardır:

Satışda olan malların üzərində malın adı, növü və qiyməti, həmçinin qiymət kağızının doldurulma tarixi olmalıdır. Əgər malın adı, çəkisi və növü qablaşdırma materialında göstərilirsə, qiymət yarlığında yalnız mal vahidinin dəyəri göstərilməlidir.

Çəki ilə satılan qida məhsulları qablaşdırılarkən malın üzərində adı, çəkisi, bir kiloqramın (litrin) qiyməti, çəkilmiş malın bütünlükdə qiyməti, qablaşdırılmanın tarixi, yararlılıq müddəti, çəkicinin soyadı, adı və ya nömrəsi göstərilməlidir.

Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, satış qiyməti göstərilməlidir.

Məişət texnikası nümunələri ticarət zalında yerləşdirilərkən üzərində malın adı, markası, modeli, artikulu, qiyməti və texniki xüsusiyyətlərini göstərən qısa məlumat olmalıdır.Məhsula endirim edildikdə, qiymət kağızında məhsulun adı, növü və çəkisi ilə yanaşı, endirimli qiymət, endirim faizi, endirimin tətbiq olunduğu tarixlər və əvvəlki qiymətin etibarsız olduğu qeyd edilməlidir.

İctimai iaşə obyektində istehlakçı təklif olunan xidmətlərin siyahısı, qiymətləri, ödəniş şərtləri, iaşə məhsullarının firma adı və tərkibi, xörəklərin və içkilərin qiymətləri barədə məlumat almalıdır. Bu məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiqlənmiş menyu və ya çeşid siyahısı ilə təqdim edilməlidir. Əgər əlavə ödənişli xidmətlər (məsələn, şou proqram, uşaqlar üçün əyləncə) təklif olunursa, onların qiymətləri ayrıca göstərilməlidir.

Təklif olunan xidmətlərin və onların icrası zamanı istifadə olunan materialların, eləcə də ehtiyat hissələrinin qiymətləri istehlakçının rahat görə biləcəyi yerdə yerləşdirilməlidir.

Qiymət intizamının pozulmasına görə məsuliyyət tədbirləri

Qiymət intizamının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, Məcəllənin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına, eləcə də onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Eyni zamanda həmin Məcəllənin 445.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində satılan malların, işlərin, xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə təqsirli şəxslər 1100 manatdan 1650 manatadək məbləğdə cərimə edilir.

Qiymət intizamının pozulması halları ilə bağlı görülmüş işlər

Agentliyə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində qiymət intizamının pozulması halları ilə bağlı 2024-cü il ərzində 55, 2025-ci ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciəti daxil olub. Araşdırmalar nəticəsində 2024-cü il ərzində məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi ilə bağlı 2, istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması ilə bağlı 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Baxılmış müraciətlər üzə 22 halda istehlakçıların tələbləri təmin edilib.

İctimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunması məqsədilə qanunvericiliyin tələbləri göstərilən bildiriş və menyu nümunəsi hazırlanıb və 6422 (2025-ci ildə 79) ictimai iaşə obyektinə paylanılıb.

Həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində maarifləndirici tədbirlərin görülməsinə dəstək məqsədilə Dövlət Vegi Xidməti tərəfindən ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər yerləşdirilib.

Ticarət sahəsində qiymət intizamının təmin edilməsi və istehlakçı hüquqlarının qorunması məqsədilə meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qanunvericiliyin tələbləri əks olunan bildiriş və qiymət kağızlarının nümunəsi hazırlanıb və 4471 (2025-ci ildə 2903)  obyektə paylanılıb.

Seçilən
5
valyuta.az

1Mənbələr