AZ

Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi



Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalq platformaya çevrilib. Diqqət yetirsək görərik ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqət yetirmək kifayətdir.
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Beynəlxalq miqyasda tanınan Bakı Forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya toplayan nüfuzlu bir platformadır. Qlobal Bakı Forumu haqlı olaraq Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platforma hesab edilir. Qlobal Bakı forumları dünyada baş verən proseslərə münasibət, münaqişələrin aradan qaldırılması, bu müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səylərin birləşdirilməsi, təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları barədə fikir mübadiləsi üçün əlverişli şərait yaradır. Mövcud və gözlənilən böhranlara baxış tərzinin müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, müharibələrin baş verməməsi üçün dünya güclərinin səylərinin artırılması, qlobal fəlakətlərin, pandemiyaların qarşısının alınması, xəstəliklərlə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çağırış edilir. 
Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. 2019-cu ilin sonlarından başlayaraq dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda ölkəmizin atdığı addımlar bütün bunlara əyani sübutdur. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Ölkə Prezidentinin təşəbbüsü ilə öncə Türk dünyasının birliyinə yönələn Türk Dövlətləri Təşkilatının, sonra dünya dövlətlərinin həmrəyliyinə nail olmaq üçün Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrü də koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin aparıldığı, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etdi.

Cənab İlham Əliyevin bu fikirləri ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amilləri açıqlayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başladığı inkişaf, tərəqqi yolunun hansı uğurlara, zəfərlərə yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və reallığa çevirdi. Onun yaratdığı möhkəm təməl üzərində ildən-ilə daha möhtəşəm uğurlara imza atan Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir.Bu zirvələrin təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Dünyanı narahat edən qlobal problemlərin Azərbaycanda müzakirə edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin nəticəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Seçilən
6
aia.az

1Mənbələr