AZ

Xalqımıza qarşı çoxsaylı cinayətlər törədən erməniəsilli şəxslər layiqli cəzalarını alacaqlar



“Son vaxtlarda Avropa ölkələrinin parlamentlərinin, o cümlədən Avropa Parlamentinin özlərinin qəbul etdikləri dəyərlər sistemini necə kobud surətdə pozaraq ayaqlar altına atmasının şahidi olmaqdayıq. Bir yandan qanunun aliliyindən bəhs edir və məhkəmənin işinə qanunsuz müdaxiləni məhkəməyə təzyiq kimi dəyərləndirir, digər tərəfdən isə özləri qəbul etdikləri konvesiyaların və beynəxalq hüququn təməl prinsiplərinə zidd olaraq başqa ölkənin daxilinə işinə kobudcasına müdaxilə edirlər. Erməni lobbisinin əlində alət olan Avropa Parlamentinin martın 12-də Bakıda mühakimə olunan erməniəsilli hərbi cinayətkarlarla bağlı müzakirəsi bunun bariz nümunəsidir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin insanlığa qarşı hərbi cinayət törədən və bunu da etiraf edən caniləri müdafiə etməsi beynəlxalq hüquqla əks mütənasiblik təşkil etməklə yanaşı, Azərbaycanın daxili işinə, o cümlədən məhkəmənin gedişinə müdaxilədir. “Avropa ölkələrinin və strukturlarının işğalçılıq, soyqırımı və hərbi cinayət törədənləri müdafiə etməsi rüsvayçılıqdan başqa bir şey deyil. İnsanlığa sığmayan cinayət əməlləri faktlarla sübut edilən cinayətkar dəstəni açıqca müdafiə etmək həm də Avropa ölkələrinin ilk növbədə bəyan etdikləri prinsipləri tapdalaması deməkdir”, - deyə deputat qeyd edib.

Müşfiq Məmmədli əlavə edib ki, Avropa Parlamentinin erməni separatçılarının, müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq istiqamətindəki hərəkətləri təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada separatizmi, işğalçılığı, soyqırımı təşviq etmək kimi dəyərləndirilməlidir: “Bunun başqa adı yoxdur. Avropa indiyədək bir dəfə də olsun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və bu işğal siyasəti zamanı xalqımıza qarşı insanlığa sığmayan saysız-hesabsız hərbi cinayətlər, etnik təmizləmələr və soyqırımı həyata keçirməsinə səsini çıxarmayıb. Əksinə, ermənilərin törətdiyi cinayətləri görməzlikdən gələrək, Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədilə müxtəlif metodlarla Azərbaycana davamlı təzyiqlər edib. Bu təzyiqlərə baxmayaraq, Azərbaycan öz gücü hesabına və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Eyni zamanda erməni hərbi caniləri də ədalət mühakiməsinə cəlb edib. Hazırda həmin canilər məhkəmə qarşısında mühakimə olunmaqdadırlar. Bu canilər məhkəmə ifadələrində cinayət əməllərini törətdiklərini, eyni zamanda kimlərdən və hansı mərkəzlərdən tapşırıq aldıqlarını etiraf etməkdədirlər. Azərbaycan nəinki bu gün Bakıda mühakimə olunan hərbi caniləri, digərlərinin də gec-tez məhkəməyə çıxarılmasına nail olacaq. Onlar layiq olduqları cəzanı alacaqlar və kimsə bu məsələdə Azərbaycana təzyiq edə bilməz. Onsuz da bu cəhdlərin nəticəsi olmayacaq. Onların bu fəaliyyəti “dəyirmanın çax-çax daşına bənzər”.

Deputat bildirib ki, Avropa ölkələrinin və strukturlarının Azərbaycana qarşı qaralama kampaniyasını çox görmüşük. Heç bir xarici təzyiq bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz: «Hər kəs bu reallığı qəbul etməlidir. Azərbaycan öz xalqını və ərazisini işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət edib. Xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün bu cəhdlər əbəsdir. Onlar layiq olduqları cəzanı alacaqlar və buna kimsənin şübhəsi olmasın”.



Seçilən
1
6
aia.az

7Mənbələr