Britaniya, Almaniya və Fransa kimi ölkələrdə XIX əsrin sonuncu onilliyində ortaya çıxan sürücülük vəsiqələri 1900-cü ildə çar Rusiyasına da gəlib çatdı. Bu dövrdə hələ ki, Azərbaycan dövləti yox idi, yaşadığımız ərazi böyük imperiyanın quberniyaları statusunda idi.
Avtosfer.az xəbər verir ki, XIX əsrin sonlarında başlayan neft bumu sayəsində Bakı inkişaf etmiş şəhərlərdən birinə çevrildi. Həmin dövrdə dünyada baş verən yeniliklər Bakıda da tezliklə öz əksini tapırdı. Təbii ki, avtomobil məsələsi də istisna deyildi.
XX əsrin əvvəllərindən Bakı küçələrində Avropa avtomobilləri görünməyə başladı. Təbii ki, avtomobili hər adam ala bilmirdi, kütləvilikdən söhbət gedə bilməzdi. Avtomobil sahibləri özləri ilə Avropadan və ya Peterburqdan sürücü də gətirirdilər.
Beləliklə, 1900-cü ildən etibarən Rusiyada və onun Qafqazda ən inkişaf etmiş şəhəri olan Bakıda sürücülük vəsiqəsi tələbi ortaya çıxdı. O zaman da vəsiqə imtahanla alınırdı, lakin indiki kimi yox. Çünki konkretləşmiş yol hərəkəti qaydaları yox idi. Sürücü imtahanda avtomobili idarə və təmir etməyi bacardığını, həmçinin, şəhəri tanıdığını sübut etməli idi.
Sovet dövrünün statistikasına inansaq, ADR-in süqutundan sonra ölkədə cəmi 36 avtomobil olub. 30-cu illərdən etibarən SSRİ-də avtomobillə bağlı statistika məxfiləşdirildi. Məxfiliyin aradan qaldırılması Sovet İttifaqının mövcudluğunun sonuncu ilində baş verdi. Məlum oldu ki, 1991-ci ildə Sovet Azərbaycanı adambaşına düşən avtomobil sayına görə qonşularından 2 dəfə geri qalır. Lakin bu, ayrı söhbətin mövzusudur.
Vüqar Yaşaroğlu