AZ

“REGİONDA SANKSİYASIZ TƏK ÖLKƏ...” – “Elm Fondunun vəsaitləri 7 milyondan 3 milyona qədər azalıb, üstəlik...”

“30 illiyini Qələbə ilə qeyd etdiyimiz Konstitusiyamıza uyğun olaraq, Nazirlər Kabinetinin 2024-cü il hesabatı müstəqillikdən sonra ilk dəfə işğala, soyqırım və köçkünlüyə deyil, bütövlüyə həsr olunub.Milli Məclis Hökumətin ötən ilki fəaliyyətinə qiymət verərkən, Ukraynada davam edən 3 illik müharibənin və dünyada artan hərbi-siyasi qütbləşmənin ağır fəsadlarını nəzərə almadan keçə bilməz”.

“AzPolitika” xəbər verir ki, bunları Milli Məclisin komitə sədri, STM rəhbəri Zahid Oruc Hökumətin parlamentə illik hesabatının müzakirəsi zamanı deyib.

Z.Orucun çıxışının davamını təqdim edirik:

“Yəni, istənilən hakimiyyətin fəaliyyəti yalnız büdcə öhdəlikləri, maliyyə və iqtisadiyyatın tənzimlənməsi ilə məhdudlaşmır, qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə və heç bir dövlətin forpostu olmaması ilə müəyyənləşir. Beləliklə, hesabat siyasi mahiyyətli mühüm dövlət sənədidir.

Dövlətimizin ötən il ən böyük uğuru ABŞ və Avropa Birliyinin sərt sanksiya hədələri, qlobal medianın hücumları ilə Qələbəmizi əlimizdən almaq, olmadıqda onu ləkələmək cəhdinin iflası, o cümlədən, Ağ Evin diqtəsi ilə sülh müqaviləsinin imzalanmamasıdır.

Əksinə, ötən ilin ikinci yarısında danışıqlarda vasitəçilər prosesdən uzaqlaşdırıldı. Nəhayət, dünən sülh müqaviləsinin tam hazırlığının bəyanı sübut edir ki, tarixdə ilk dəfə Prezident İlham Əliyev Qələbəmizi sülh müqaviləsinə köçürməyi, onu Ermənistana qəbul etdirməyi bacarıb. Dünya dövlətlərinin müsbət reaksiyası, Türkiyənin sazişi alqışlaması tarixi dəyişikliklərdən xəbər verir. Anlaşma harada imzalanmasından asılı olmayaraq, tarixə Əliyevin Zəfər müqaviləsitək düşəcək!

Hesabatda ilk növbədə, ötən ildə təhlükəsizliyimizin təmin olunması 1 nömrəli məsələdir. Ordumuz müharibədən əvvəlki dövrdən daha güclüdür və təkcə ərazilərimizdə deyil, müttəfiqlərlə birgə xarici məkanlarda da hərbi əməliyyatlar aparmaq iqtidarındadır.

Hesabatda Böyük Qayıdışa həsr olunan 15 səhifəlik bölmə - qalibiyyət təqvimində bir ayrı fəsildir, yeni Vətən quruculuğudur və dünyada heç bir Hökumət xarici yardımlar olmadan 100 minlərlə insanını doğma torpaqlarına qaytarmır. Ən böyük insan haqları hadisəsi Qayıdışdır. Avropa dövlətləri bir zəngilanlıya, şuşalıya ev, kənd, məktəb tikməyincə, demokratik, humanist və ədalətli sayıla bilməzlər.

Hesabatda əksini tapan bir neçəyə məsələyə diqqət çəkmək istərdik: Əmək bazarında dinamik dəyişikliklərlə bağlı sənəddə qeyd olunur ki, müqaviləsinə xitam verilən işçilərin sayı 2022-ci ildə 780 min, 2023-cü ildə 872 min, 2024-cü ildə 999 min nəfər təşkil edib, lakin əmək müqaviləsi bağlayanların sayı müvafiq olaraq, 1 milyon 73 min, 972 min və nəhayət, ötən il 1 milyon 169 min nəfər təşkil edib. Əlbəttə, ötən il müsbət saldo açılan iş yerlərin xeyrinə 170 min nəfərdir. Lakin söhbət muzdla işləyənlərdən gedir və bir şəxsin bir neçə yerdə müqavilə imzalamasını nəzərə alsaq, bir ildə bağlanan iş yerlərinin səbəblərini, coğrafi və sahələr üzrə paylanmasını, ləğv olunmağa məcbur qalıb yenidən yaradılanları təhlil etməliyik. Dünyada müəssisələr də insanlar kimi 5, 10 və ya 50 illik müddəti, o cümlədən, bir iş yerinin uzunömürlülüyü ilə müəyyənləşir.

Neft hasilatının azalmasının qarşısını almaq üçün Prezidentin tapşırığı ilə Baş nazirin rəhbərliyi ilə keçirilən müşavirələr böyük nikbinlik yaradır. İndi dünya enerji bazarında qiymətlər tədricən düşür. Ötən il neft gəlirlərimiz 1.65 miliyard dollar azalıb, lakin qazın hasilatı və ixracı itkiləri müəyyən qədər qarşılayır. Digər tərəfdən, əsas strateji sərvətimizi emal edən zavodda 5 martda baş verən yanğının üzə çıxardığı vəziyyət narahatlıq doğurur. Söhbət ildə 6 milyon tona yaxın neftin emalından və daxildə sənayedə, yaxud vətəndaşlar tərəfindən istehlakından gedir. Dövlət Təhlükəsizlik Orqanlarının hərtərəfli araşdırmaları belə bir inamı yaradır ki, Hökumət neft sektorundakı prosesləri tam nəzarətdə saxlayır.

Sənəddə sənaye məhsulunun 83 faizinin Bakıda istehsal olunduğu qeyd edilib. Başadüşləndir, söhbət neftin 278 illik hökmranlığından gedir. Sənayenin coğrafiyasını bölgələrə keçirməsək, əhalinin paytaxtın əmək, mənzil və nəqliyyat sferasında sıxlığı azalmayacaq.

Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı və rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur.

Digər bir məsələ, Texnofestə heç bir inzibati qərar olmadan 100 minlərlə gənc qatıldı. Deməli, səlcuq bayraqdarlar millətimizin içərisində var. Yetər ki, startaplara meydan verilsin. Elm Fondunun vəsaitləri 2010-cu ildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik, illərdir yarısı geri qayıdır. Halbuki 100-lərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuz Akınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasi suverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimiz olmalıdır.

İki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanın vaxtı 2026-cı ildə başa çatır. OCED ölkələrində əhalinin 1000 nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqda ölkə inkişaf etmiş sayılır. Sual sadədir - Hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ən böyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-də yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları - kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlara ehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerji qiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər.

Yekunda bir daha vurğulayaq ki, cənab Prezident Hökumətə etimad göstərir və parlamentarilər üçün bu xüsusi əhəmiyyət kəsb edir. Bir daha Parlamentlə açıq əməkdaşlıq və səmimi münasibətə görə hörmətli Baş nazirə hörmətimizi ifadə edir, Hökumətin ötən ilki fəaliyyətini məqbul sayır, müsbət səs verəcəyimizi və uğurlar dilədiyimizi bildirmək istərdik”.

“AzPolitika.info”

Seçilən
6
1
azpolitika.info

2Mənbələr