AZ

Novruz adətləri xalqımızın milli sərvətidir

İstiqamət: Azərbaycanın dövlətçilik  tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
 

Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və  onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan xalqının tarix boyu qoruyub saxladığı milli ənənələrdən biri də Novruz bayramında cəmlənmiş adətlərdir. Min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz xalqımız tərəfindən minilliklər boyunca böyük məhəbbətlə qeyd olunan sevimli bayramımızdır. Məlum olduğu kimi əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Novruz sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi  Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Ümumilli lider Heydər Əliyev qeyd edib ki, Novruz bayramı həmişə özü ilə yeni il, yeni arzular, yeni ümidlər gətirir: "Mən inanıram ki, bu yeni ildə Azərbaycan torpağında sülh və əmin-amanlıq nəhayət, bərqərar olacaqdır. Novruz bahar bayramı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik və dövlətçilik rəmzidir. Yalnız öz müstəqilliyini qazandıqdan, öz dövlətçiliyini bərpa etdikdən sonra bu bayram rəsmi status almış və dövlət bayramı kimi qeyd olunmağa başlamışdır. Əsrlər boyu Novruz  Azərbaycan xalqı üçün barış və saf niyyətlər bayramı olmuşdur. Bu gün də Azərbaycan xalqının milli barışa və saf niyyətli insanların həmrəyliyinə böyük ehtiyacı var".
Qeyd etmək lazımdır ki, Novruz bayramını bir çox digər xalqların qeyd etdiyi başqa çoxsaylı məhsul bayramlarından fərqləndirən əsas cəhəti onun özündə tarixi etnoqrafiyanı, xalqın mifologiyasını və milli-mədəni fəlsəfəsini ehtiva etməsidir. Novruz dərin fəlsəfəyə malik olan bayramdır. Novruz bayramının tarixini dinlə, zərdüştlüklə bağlayanlar da var. Bu bayramda nə İslam dinin əlamətləri nəzərə çarpır, nə də zərdüştlükdə olduğu kimi oda tapınmağın. Tonqalın qalanması, üzərindən atlanması qaranlığın uzaqlaşdırılması, ağırlığın, dərdin-bəlanın yandırılması kimi daha çox yadda qalır. Novruz bayramında xalqın bayramla əlaqədar keçirdiyi mərasimlərin heç biri dini ehkamlar ilə bağlı deyil. Buna baxmayaraq, xalqımız  Bahar bayramına məxsus adətləri illərlə qoruyub saxlaya bilib. Novruzda hər birimzin uşaqlıqda ən çox sevdiyimiz adətlərdən olan papaq atmaq bu gün də uşaqlar tərəfindən böyük sevgi və maraqla qarşılanır. Qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, gözəl adətlərdən olan küsülülərin barışması və s. çoxsaylı adətləri qeyd etmək olar. Novruz bayramının ən gözəl adətləri arasında süfrə bəzəmək, bolluq-bərəkət nemətləri sayılan ərzaqları süfrəyə düzməkdir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Bayramdan bir neçə gün əvvəldən şəkərbura, paxlava, halva bişirilir. Bayram günü isə süfrələrimizi yeməklərin şahı hesab olunan bayram plovu bəzəyir. Hamı bir süfrə arxasına toplaşar və yeni ilin onlara bol-ruzi bərəkət, sağlıq gətirməsini arzu edər. 
Heç şübhəsiz, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin çox böyük əhəmiyyəti var. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Beləliklə, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Novruz bayramında cücərdilən səməninin xüsusi yeri var. Səməni yaz mövsümünün gəlişini təmsil edir. Bu ənənə təbiətin oyanmasını, dirçəlməsini təsvir edir. Bunun da əsas mövqeyini "tonqal" tutur. Tonqal qədim türklərdə od, alov, atəş mənasını verir. Tonqal günəşi simvolizə edir. Qədim türklərdə günəş müqəddəs Tanrı kimi izah olunur. Tonqal üzərindən tullanarkən deyilən "ağırlığım,uğurluğum burda qalsın" deyimi türklərin bədii təfəkkürünə görə odun arındırıcı funksiyaya sahib olması ilə başa düşülür. Göründüyü kimi Novruz qədim türkün təbiətə bağlılığından və oda olan inamdan irəli gələn bir bayramdır.
Novruz bayramını Azərbaycan xalqının müqəddəs milli irs hesab edən Ölkə Prezidenti  İlham Əliyev demişdir: "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır.  Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün  bunlar  Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramla­rımızı qoruyub saxlamışıq".
 Onu da qeyd edək ki, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Beləliklə, qətiyyətlə demək olar ki, xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr