AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mirzə Ələkbər Sabirə həsr olunmuş “Hophopnamə” sənədli-bədii filmi nümayiş olunub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə filmin gənclərdən ibarət yaradıcı heyəti, ssenari müəllifi və quruluşçu rejissoru Məmmədəli Əbilov, təsvir rejissoru Tural Fikrətoğlu, ikinci rejissoru Qədir Süleyman, Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva və təcrübəçi tələbələr iştirak ediblər.
Elmi katib dosent Aygün Bağırlı Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. O, şairin fəaliyyətinin filmdə nümayişinə münasibət bildirib, həmçinin Sabirin ilk kitabının çapı və maliyyələşməsi haqqında formalaşmış fikrə də aydınlıq gətirib.
Filmin nümayişindən sonra yaradıcı heyət tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.