“Sahibkarların biznes kartlarından mütəmadi istifadəsinə ehtiyac qalmayıb. Hesab edirəm ki, bu gün sahibkarlar üçün yaradılan mühit bu kartlardan istifadəni azaldır”.
Bu fikri “vergiler.az”a açıqlamasında Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev səsləndirib. Onun sözlərinə görə, iş adamları rəhbəri olduqları müəssisənin, təsərrüfat subyektinin bank hesabına bağlı olan biznes kartlarından daha çox digər məqsədlər üçün, yəni biznesə aid olmayan istiqamətlər üzrə yararlanırlar. Bu da sonda mənfi nəticələrə gətirib çıxara bilir: “Demək olar ki, fərdi sahibkarların və ya müəssisə rəhbərlərinin əksəriyyəti biznesə məxsus korporativ kartlar əldə ediblər. Bu kartlardan da sahibkarlıq məqsədləri üçün istifadə etmək istəyirlər. Lakin reallıqda biz görürük ki, korporativ biznes kartlarından daha çox fərdi-şəxsi məqsədlər üçün istifadə olunur”.
M.Babayev təcrübədə biznes kartlarından daha çox rəsmiləşmədən yayınmaq üçün istifadə olunduğunu təəssüflə qeyd edib: “Məsələn, bəzi hallarda şəxsən özü, ailəsi və yaxınları üçün lazım olan məsrəflərin haqqının ödənilməsi, təsisçilərin fərdi xərclərinin və ya borclarının qarşılanması, bəzi hallarda qeyri-rəsmi alışların həyata keçirilməsi məqsədilə nağdlaşdırma və digər şəxslərə də kartdan karta köçürmə ilə qeyri-rəsmi əməliyyatların aparılması üçün istifadə edən sahibkarlar da var. Ümumiyyətlə, sahibkarlar biznesdə belə kartlardan adətən ödənişlərini asanlaşdırmaq üçün istifadə edirlər”.
Biznes kartlarının istifadə məqsədlərinin fərqli olduğunu vurğulayan M.Babayevin fikrincə, bəzi vacib məqamlarda onlara zərurət yaranır. Məsələn, ezamiyyətə gedən işçiyə ezamiyyə xərclərini yerində ödəmək, gömrük orqanlarında yerində gömrük haqlarını ödəmək, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alışların əvəzinin yerində ödənilməsi, korporativ bayram, şənlik tədbirlərinin haqqının ödənilməsi, işçilərə, yubilyarlara hədiyyələrin alınması və digər asan ödəniş məqsədləri ilə korporativ kartlardan istifadə edilir: “Əslində, kartın məqsədi anında ödənişə ehtiyac yaranan hallar üçün əlverişli ola bilər. Məsələn, sahibkarın biznes məqsədləri üçün lazım olan malın, işin və ya xidmətin dəyərini yerində ödəmək zərurəti yaranarsa, yəni o faydanı əldən buraxmamaq üçün anında ödəmək məqsədi daşıyırsa, bu zaman kartın əhəmiyyəti mütləqdir. Çünki yerində ödəniş edilməzsə, alış baş tutmaya bilər və fayda da əldən çıxar”.
M.Babayev hesab edir ki, bu gün sahibkarların biznes kartlarından istifadəsinə çox az hallarda zərurət yaranır, hətta əksər fəaliyyət sahələrində belə kartlardan istifadəyə ehtiyac qalmayıb. Əgər həqiqətən sahibkarın məqsədi düzgün sənədləşmə yolu ilə mal əldə etməkdirsə, təsərrüfat əməliyyatlarını doğru qaydada rəsmiləşdirmək istəyirsə, o, pulu nağdsız qaydada köçürmə yolu ilə internet bank xidməti vasitəsilə ödəyə bilər. Öz müştərisi ilə bunu çox rahat həll etmək imkanı yaranar. Bu halda, karta ehtiyac qalmır.
Fərqanə ALLAHVERDİQIZI