AZ

Yeni sponsorun adamı gizlicə əcnəbi baş məşqçi “ov”una çıxdı

«Kəpəz»in yeni rəhbərliyi Azər Bağırova pəl vurmağa hazırlaşır.

Redaksiyamıza bununla bağlı şok məlumat daxil olub.

Aldığımız informasiyaya görə, Gəncə təmsilçisini himayəsinə götürmüş şirkətin nümayəndələri mövsümün sonunu gözləmədən baş məşqçi axtarışına çıxıb.

Bu məsələdə Adil Vəliyevin daha çox aktivlik göstərdiyi bildirilir. Belə ki, İdarə Heyətində yer alacağı şübhə doğurmayan SOCAR-ın keçmiş mənsubunun bu posta əcnəbi mütəxəssis gətirmək istədiyi söylənilir.

Hazırda biznesmen kimi fəaliyyət göstərən Vəliyevin artıq bir neçə xarici çalışdırıcı ilə görüş keçirdiyi barədə bilgi var. Onun ümumiyyətlə yerli məşqçilərə antipatiya bəsləməsi da bizə gələn xəbərlər arasındadır.

Azər Bağırov ötən ilin sentyabrında «Kəpəz»in sükanı arxasına keçib. Premyer Liqanın altıncı turundan etibarən iş başındadır.

Komandanı Adil Şükürovdan xalsız təhvil alan sabiq «Araz-Naxçıvan»lı ötən müddətdə xeyli mühüm iş görüb. «Sarı-göylər» onun rəhbərliyi altında 22 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərar tutub.

Gəncəlilər bu göstərici ilə son sıradakı «Səbail»i 4 xal qabaqlayır. Əvvəlki rəhbərliyin Bağırovun qarşısına komandanı çempionatda saxlamaq məqsədi qoymasını da xatırladaq.

Əlqərəz, hər şey «Kəpəz»in öz əlindədir. Ancaq belə bir vaxtda yeni idarəçilərin başqa məşqçi axtarışına çıxması qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir.

Bununla, əslində, həm hazırkı çalışdırıcıya, həm də özlərinə hörmətsizlik edirlər.

SPORTİNFO.AZ

Seçilən
1
sportinfo.az

1Mənbələr