Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti Kiyevdə əməkdaşlığın dərinləşdirilməsi yollarını, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin bəyan edilən ildə 10 milyard dollara çatdırılması məsələsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin rəhbəri sosial şəbəkələrdə Ukraynaya səfərinin yekunlarına həsr olunmuş paylaşım edib.
Ö.Bolat bildirib ki, danışıqlar proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. O əlavə edib: “Ukrayna lideri ilə görüşdə həm müharibədən əvvəlki dövrdə, həm də hərbi əməliyyatlar illərində türk şirkətlərinin Ukraynanın infrastrukturunun gücləndirilməsinə verdiyi töhfədən məmnunluq ifadə olunub”.
Türkiyə Ticarət Nazirliyinin rəhbəri “Türkiyə ilə Ukrayna arasında güzəştli ticarət haqqında” Sazişin Ukrayna parlamenti tərəfindən tezliklə təsdiqlənməsinin vacibliyini vurğulayaraq, bu sənədin Türkiyə tərəfindən təsdiqi mərhələlərinin artıq başa çatdığını xatırladıb.
Nazir yazıb: “2024-cü ilin sonunda Türkiyə-Ukrayna ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar təşkil edib. İki ölkənin liderləri qarşıya 10 milyard dollarlıq yeni hədəf qoyublar. Əminəm ki, “Türkiyə ilə Ukrayna arasında güzəştli ticarət haqqında” Saziş bizi bu məqsədə daha da yaxınlaşdıracaq”.
Ömer Bolat əmin edib ki, türk şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara