AZ

Əli Mustafa: “Zəngəzur dəhlizi əhəmiyyətini qoruyur və açılması geosiyasi zərurətdir” – ÖZƏL

Erməni siyasi ekspert Armen Badalyan bildirib ki, ABŞ artıq Qərbi Zəngəzurdan keçən dəhlizdə maraqlı deyil. Onun sözlərinə görə, əvvəlcə Avropa Birliyi və ABŞ Mərkəzi Asiyanın resurslarına sərmayə qoyaraq bu ehtiyatların Cənubi Qafqaz vasitəsilə ixracını planlaşdırırdı. Lakin indi Vaşinqton üçün daha yaxın və zəngin nadir metal ehtiyatlarına malik Qrenlandiya prioritetə çevrilib.

ABŞ-nin Zəngəzur dəhlizinə marağını itirdiyi iddiası nə dərəcədə doğrudur? Bu iddia fonunda regionun geosiyasi və iqtisadi gələcəyi necə dəyişə bilər?

"Ola bilsin ki, ABŞ özünün geopolitik, geostrateji maraqlarına hansısa korrektlər etsin, amma Zəngəzur dəhlizinin açılması yenə də dünyanın bir çox güc mərkəzləri üçün prioritet olaraq qalır. Bu həm Avropa üçün, həm də Çin üçün keçərlidir".

Bu fikirləri Olaylar.az-a danışan siyasi şərhçi Əli Mustafa deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması geosiyasi zərurətdir və böyük güclərin maraqlarına bağlı olduğu üçün zaman alsa da, mütləq reallaşacaq:

"Zatən ABŞ-nin burada dolayı yolla təsiri və iştirakı nəzərdə tutulurdu. Bu dəhlizin açılması daha çox Qərb-Şərq dəhlizinin və ya orta yolun işləməsinə xidmət edir. Eyni zamanda yeni dünya düzəni yaranır, yeni gerçəkliklər formalaşır. Geopolitik baxımdan əslində bu yol zərurətdir. Bunun sadəcə olaraq zaman məsələsi var. Düzdür, burada böyük güclərin anlaşması, uzlaşması məsələsi də var idi. Öncə burada ABŞ və Rusiya arasında sanki bir mücadilə gedirdi. Rusiya istəyirdi bu bölgəyə və eyni zamanda keçidə nəzarət etsin. ABŞ və Qərb isə istəyirdi ki, onlar nəzarət onlarda olsun. Bu mücadilə, mənim fikrimcə, davam edəcək. Hətta ABŞ oyundan çıxsa belə. Ancaq düşünmürəm ki, ABŞ asanlıqla bu məsələlərdən imtina etsin. Çünki ABŞ yenə də dünyanın bir çox bölgələrində öz maraqlarını qorumağa çalışır. Əgər bu gün Ukraynanın nadir torpaq elementləri uğrunda canfəşanlıq edirsə, niyə Çinin yanı başında və yaxud da Rusiyanın yanı başındakı bu strateji bölgəni gözdən qaçırsın? 
Bu istəyin miqyasında nələrsə dəyişə bilər, hansısa korrektlər ola bilər, amma bütövlükdə bu qalır. Amma dediyim kimi, əslində yeni gerçəklik yaranır. Xüsusilə Türk dövlətləri Təşkilatının formalaşması, Türk dünyasının bir araya gəlməsi məsələsi də bir layihədir. Bu da böyük bir hədəfdir və bu baxımdan da Zəngəzurun açılması önəmlidir. Mən düşünürəm ki, bu məsələdə Çin də, Avropa İttifaqı da maraqlıdır. Rusiya, əlbəttə, istəyir ki Zəngəzur dəhlizi açılsın, amma öz nəzarəti olsun. İran və Rusiyanın burada bir az mövqeyi fərqlidir. Bu baxımdan ola bilsin ki, bu məsələ bir az zaman alacaq. Amma düşünürəm ki, nəticədə bu dəhliz açılacaq. Çünki dediyim kimi, bunun tərəfdarları əleyhdarlarından daha güclüdür. Sadəcə olaraq Rusiya-Ukrayna savaşının da dayanması ola bilər ki, bu məsələdə müəyyən dəyişikliklərə səbəb olsun. Amma anlaşılan odur ki, hələlik savaşın dayanması real deyil. Hər halda Rusiya tərəfinin nə cavab verəcəyi müəyyən deyil və böyük ehtimalla bu məsələ uzanacaq. Belə olacağı təqdirdə də Rusiyanın regiona diqqəti düşünmürəm ki, o qədər də ciddi olsun. Amma ola bilsin, İran vasitəsilə bölgəyə təsir etməyə çalışsın. Bunlar istisna deyil. Bütün hallarda Ermənistanın özünün də vəziyyəti, durumu elədir ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa girməlidir, əksər halda Ermənistanın mövcudluğu və yaxud da indiki formatda mövcudluğu özü də sual altına düşür. Ona görə də Ermənistan Rusiyanın və İranın təsirlərindən qurtulub Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə daha çox meyllidir. Bu baxımdan Ermənistan bu dəhlizin açılmasında maraqlıdır və mən ümid edirəm ki, dəhliz tez bir zamanda açılacaq. Sadəcə ola bilər ki, zaman alsın".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr