Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamızda vicdan azadlığı” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Pirallahı məscidinin imamı Mübariz Rəhimov Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan Respublikasının Konstitusiyasından, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından danışıb.
Qeyd olunub ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dini etiqad azadlığı tolerant əsaslara söykənir və dini konfessiyalar arasındakı münasibətlər təkcə region üçün deyil, dünya miqyasında nümunəvi xarakter daşıyır.
Vurğulanıb ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı bir dövrdə bütün məzhəblərin bir araya gələrək vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır.
Tədbirin sonunda şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün iftar süfrəsi açılıb.