Lənkəran, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Yusif Tapdıqlı “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə deyib.
O bildirib ki, araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 , 2025-ci ilin yanvar-fevral aylarında isə 4 sahibkarlıq subyekti barəsində 4 inzibati xəta haqqında protokol tərtib edilib.
“Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12) halda istehlakçıların tələbləri təmin edilib. Belə ki, istehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması müxtəlif formalarda ola bilər. Mağazada malın kassadakı qiymətinin vitrində göstərilən qiymətdən yüksək olması, kafe və restoranlarda təklif olunan məhsulların menyuda göstərilən qiymətlərdən yuxarı hesablanması, çəki ilə satılan malın faktiki çəkisinin göstəriləndən az olması, hesaba kiçik məbləğlərin əlavə edilməsi və ya yekun məbləğin yanlış hesablanması və s. bu kimi hallar istehlakçıların aldadılması hesab edilir. Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satışı məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymətə uyğun aparılmalıdır. Malın çəkisi və ölçüsünün düzgünlüyünü müəyyən etmək üçün ticarət zalında görünən yerdə standartlara uyğun nəzarət ölçü vasitələri qoyulmalıdır”, - deyə Yusif Tapdıqlı vurğulayıb.
O, əlavə edib ki, istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli ödəniş tələb edilməsi onun hüquqlarının pozulmasına, yəni hesabda aldadılmasına səbəb olur: “İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində (İXM) məsuliyyət tədbiri nəzərdə tutulub. Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir. Qeyd edək ki, İXM-yə görə bu maddədə az miqdarda aldadılma dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5000 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır”.
Qiymət intizamının pozulması ilə bağlı da danışan qurum rəsmisi Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində qiymət intizamının pozulması halları ilə bağlı 2024-cü il ərzində 55, 2025-ci ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciətinin daxil olduğunu açıqlayıb.
Y.Tapdıqlı qeyd edib ki, araşdırmalar nəticəsində 2024-cü il ərzində məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi ilə bağlı 2, istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması ilə bağlı 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
“Baxılmış müraciətlər üzrə 22 halda istehlakçıların tələbləri təmin edilib. İctimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunması məqsədilə qanunvericiliyin tələbləri göstərilən bildiriş və menyu nümunəsi hazırlanıb və 6422 (2025-ci ildə 79) ictimai iaşə obyektinə paylanılıb. Həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində maarifləndirici tədbirlərin görülməsinə dəstək məqsədilə Dövlət Vergi Xidməti tərəfindən ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20 min 542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər yerləşdirilib. Ticarət sahəsində qiymət intizamının təmin edilməsi və istehlakçı hüquqlarının qorunması məqsədilə meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qanunvericiliyin tələbləri əks olunan bildiriş və qiymət kağızlarının nümunəsi hazırlanıb və 4471 (2025-ci ildə 2903) obyektə paylanılıb”, - deyə Y.Tapdıqlı vurğulayıb.
Qeyd edək ki, istehlakçıların əsas hüquqlarından biri əldə etdikləri mal, iş və ya xidmət haqqında məlumat almaqdır. İstehlakçının məlumat almaq hüququnun təmin olunması onun seçim etmək hüququnu gerçəkləşdirməsinə şərait yaradır. Lakin bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə kassadakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Bəzən qiymətlər manatla deyil, xarici valyuta ilə qeyd olunur ki, nəticədə istehlakçıların mal haqqında məlumat almaq hüququ pozulmuş olur. Qiymət intizamının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına, eləcə də onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan ərazisində satılan malların, işlərin, xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə təqsirli şəxslər 1100 manatdan 1650 manatadək məbləğdə cərimə edilir.