AZ

Bakıda təmirsiz mənzilin qiyməti ŞOKA SALDI - VİDEO

Daşınmaz əmlak bazarında müşahidə olunan intensiv bahalaşma mənzillərin hər seqmentində hiss olunur. Artıq təkcə təmirli mənzillərin deyil, ciddi təmirə ehtiyacı olan mənzillərin də qiymətləri fantastik formada bahalaşıb. Bu tendensiya isə daha çox bəzi realtorların işinə yarayır.

Sosial şəbəkədə dərc olunan video-elanda paytaxtın “Həzi Aslanov” metrostansiyası yaxınlığında “Minsk” layihəli, 1-ci mərtəbədə yerləşən tam təmirsiz mənzil nə az, nə çox, düz 120 min manata təklif olunur.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Vüqar Oruc bildirib ki, bu qiymət sözügedən mənzil üçün olduqca yüksəkdir:

“Onu bildirim ki, belə mənzillərin təmirinə çox böyük məbləğ tələb olunur. Videodakı mənzil demək olar ki, tam təmirsizdir. Ümumiyyətlə, “Minsk” layihəsi olan beşmərtəbəli binalarda 1 otaqlı mənzillər 60-65 kvadarmetr civarında dəyişir. Videoda qeyd olunan mənzil üçün 120 min manat çox böyük bir məbləğdir. Hesab edirəm ki, təmir vəziyyətinə uyğun olaraq təklif olunan qiymət şişirdilib. Eyni zamanda, başa düşmək olur ki, yəqin ki, mövcud qiymət artımı ilə bağlı bazara bu cür təklif olunur”. 

Vüqar Oruc qeyd edib ki, bu tip mənzilə təklif olunan məbləği ödəmək məqsədəuyğun deyil:

“Hazırda eyni layihəli və orta təmirli mənzillər təqribən 130 min manatdır. Amma bu mənzili təmir etmək üçün ən azı 25-30 min manat tələb olunur. Hesab edirəm ki, dəyərindən hardasa 20-25 faiz daha artıq qiymətə bazara təklif olunub. Həmin məbləğə əmlak bazarından “Minsk” layihəli təmiri nisbətən zəif mənzil tapmaq olar. Amma təmirə bu cür ehtiyacı olan mənzilə 120 manat məbləği vermək məqsədəuyğun deyil”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
3
2
yenisabah.az

3Mənbələr