Düzü, tam məlumatım yoxdur ki, Əli müəllim hansı iki məsələni milli təhlükəsizlik üçün təhdid hesab edib və bu səbəbdən də həmin məsələlər baxılmamış qalıb. Çox güman ki, bunlardan biri quru sərhədlərlə bağlıdır.
Bu sözləri Axar.az-a AĞ Partiyasının sədri Tural Abbaslı Baş nazir Əli Əsədovun deputatların iki təklifinin milli təhlükəsizliyə zidd olduğu üçün baxılmadığı barədə fikrini şərh edərkən deyib.
Onun sözlərinə görə, sərhədlərin açılmaması çox mühüm məsələdir:
“Sərhədlərin açılmaması ilə bağlı təhlükəsizlik məsələsini Prezident İlham Əliyev də qeyd edib. Böyük ehtimalla iki məsələdən biri məhz quru sərhədlərin açılmasıdır. Düzdür, xalq və siyasi partiyalar tərəfindən də sərhədlərin açılması tələbi var. Təhlükəsizlik məsələsi hər dövlətdə mövcuddur, amma sərhədlərin bu qədər uzun müddət bağlı qalması sosial-iqtisadi vəziyyətə mənfi təsir edir. Ona görə də bu istiqamətdə irəli sürülən tələblər məntiqlidir. Düşünürəm ki, bu təhdidlər tezliklə aradan qaldırılmalı və sərhədlər maksimum qısa zamanda açılmalıdır ki, insanları narahat edən problemlər həllini tapsın”.