AZ

Bakıda "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar" mövzusunda konfrans keçirilir

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Apa xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli mədəni irsinin qorunması ilə bağlı belə bir tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışıb: "Tarixi mədəni irsin qorunması istiqamətində Dövlət Proqramı həyata keçirilir. Vahid platformanın təsis edilməsi hər birimiz üçün maraqlıdır. Mübadilə proqramı muzeylər, universitetlər arasında da olmalıdır. Bu konfransın məqsədi qədim insan məskənlərinin mühafizəsinə toxunmaq, bu barədə daha geniş məlumat almaqdır".

Sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə verilib. O çıxışında bildirib ki, Azıx mağarası özündə bir neçə mədəniyyəti əks etdirir: "Orada bütün prosesləri öyrənmək mümkündür. Erməni vandalları Azıx marağasını dağıntıya məruz qoyub. Akademiya olaraq qədim insan məskənlərini vahid plotformada öyrənmək, elmin yeni üfüqlərini aşmaq məqsədindəyik. Bu konsfrans mədəni irsinizi dünya alimləri ilə birlikdə öyrənmək üçün fürsətdir”.

Açılış mərasimində sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S. Xan çıxış ediblər, tədbirin əhəmiyyətini vurğulayıblar.

Sonra xarici qonaqların da iştirak etdiyi üç paneldən ibarət müzakirə başlayıb. Müzakirədə mədəni irsin qorunması ətrafında iştirakçılar fikir mübadiləsi apararaq öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, martın 16-da başa çatacaq beynəlxalq elmi-praktiki konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir. Konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəsi məqsədi daşıyır. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq məqsədilə mühüm addımların atılması hədəflənib.

Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
16
1
apa.az

2Mənbələr