“Müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda, müxtəlif bacarıqlara və istedada sahib olmaq da vacibdir. Şagirdlərin istedadlarını vaxtında aşkarlayıb dəyərləndirmək və inkişaf etdirmək olduqca vacibdir”.
AzEdu.az xəbər verir ki, bunu elm vətəhsil nazirinin müavini Firudin Qurbanov Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
O bildirib ki, məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi təşkil edilir, STEAM layihəsi həyata keçirilir. Bütün bu tədbirlərin məqsədi şagirdlərin istedadını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Nazir müavini şagirdlərin hazırladığı innovativ layihələrdən bəhs edərək qeyd edib ki, bu layihələr bugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələri üzrə fəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir.