Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı birgə fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
FHN-in Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
“Dəyirmi masa”da Nazirliyin Aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin Fövqəladə hallar üzrə komissiyalarının sədrləri, "Azərbaycan Dəmir Yolları" QSC, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi, Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi, “Azərişıq” ASC, “Azəriqaz” İB, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Bakı Sukanal İdarəsi, “Bakı Telefon Rabitəsi” MMC, “Təmiz Şəhər” ASC və digər aidiyyəti qurumların məsul nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin Akademiyasının rəisi general-mayor Baba Salayev aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin fövqəladə halların qarşısının alınması və nəticələrinin daha səmərəli şəkildə aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, belə tədbirlərin bu istiqamətdə faydalı olduğunu bildirib.
FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yerli icra hakimiyyətləri və digər aidiyyəti orqanlarla hər il keçirilən birgə tədbirlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətindən danışıb.