Azərbaycan əraziləri işğal altında olan vaxtlarda Qarabağ ərazisində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.
Hafta.az xəbər verir ki, bu sözləri martın 14-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən deyib.
“Məhsullar Ermənistan şirkətlərinin məhsulları adı altında satılırdı”, - deyə o əlavə edib.
B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, qondarma “respublika”nın Qarabağda yaşayan erməni sakinləri isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib ki, Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.