AZ

Nazirlər Kabinetinin hesabatı

Bu gün Milli Məclisdə 2024-cü ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında hörmətli Baş nazir cənab Əli Əsədovun çox dolğun və əhatəli hesabatını dinlədik.
 
Hesabatla tanışlıq birmənalı olaraq onu deməyə əsas verir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı və məqsədyönlü  iqdisadi və institusional islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində  hökumətimiz 2024-cü ildə çox səmərəli fəaliyyət göstərmiş və qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. 
 
485 səhifəlik hesabatın bütün təfərrüatlarına toxunmaq mümkün olmasa da hökumətin fəaliyyətini müsbət qiymətləndirmək üçün  iqtisaqdi və fiskal, sosial, milli etimad və vətəndaş məmnuniyyəti, beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik, Böyük Qayıdış sahəsində əldə olunan bəzi nəticələrə nəzər salmaq  kifayətdir. 
 
Məsələn,  iqtisadi və fiskal sahədəki göstəricilərə baxaq:  keçən il ölkəmizin ümumi daxili məhsulunun həcmi- 4,1%,  qeyri neft-qaz sektorunda isə 6,2% artmış, büdcə gəlirlərimiz proqnoza qarşı 2,1%, o cümlədən vergi orqanlarından proqnoza qarşı 3,5%,  gömrük orqanlardan isə 3,3% çox vəsait daxil olmuşdur.
Strateji valyuta ehtiyatlarımız 3,7 % artaraq xarici dövlət borcumuzu 14 dəfə üstələmiş,  manatın məzənnəsi sabit qalmış, illik inflyasyia 4,9% keçməmiş, xarici ticarətdə 5,3 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınmışdır. 
 
Sosial səhəinin bəzi göstəricilərinə diqqət yetirək:  2024-cü ildə əhalinin gəlirləri 6,4% artaraq 83,1 milyard manat olmuş, muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 8,1% artaraq 1009 manat təşkil etmişdi.
 
Əmək pensiyalarının orta aylıq məbləği bu ilin yanvarın 1-dən 12 % artmış, 334,5 min nəfərə ünvanlı sosial yardım, 516,5 min nəfərə aylıq və sosial müavinat, 404,1 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. 
 
Yeri gəlmişkən, sosial yardımlar və müavinətlərlə bağlı olan bu rəqəmlər  “uşaq pulu” mövzusunu cılız siyasi maraqlar naminə süni şəkildə istismar və manipulyasiya edənlərə də yaxşı cavabdır.
 
Keçən il şəhid ailələri və qazilərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, mənzil və avtomobillə təmin olunması istiqamətində nəzərdə tutulan bütün layihələr uğurla icra olunmuşdur.
 
Milli etimad və vətəndaş məmnunluğu
 
2024-cü ilin ən mühüm milli etimad hadisəsi fevralın 7-də ölkəmizin bütün suveren ərazilərində ilk dəfə prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanması oldu. Bu sıradan bir seçki deyildi, bu,  Azərbaycan xalqının Müzəffər Ali Baş Komandana duyduğu dərin minnətdarlıq hissinin və əbədi etimadının ifadəsi idi.
 
O ki qaldı vətəndaş məmnunluğuna,  burada  bir faktı demək kifayətdi. Keçən il ASAN xidmət mərkəzlərinə 11884,5 min, DOST mərkəzlərinə isə daxil olan 3,2 milyon müraciət üzrə göstərilən xdimətlərdən vətəndaşların 98 faizi razı qalmışdır. Gəlin etiraf edək ki, bu göstərici  dünyanın istənilən hökumətinin arzu edə biləcəyi ən yüksək vətəndaş məmnunluğu göstəricisidir. 
 
Beynəlxalq münasibətlər
 
2024-cü ildə 196 ölkənin, 200-ə yaxın beynəlxalq və regional təşkilatın qatıldığı  dünyanın ən mötəbər tədbiri olan COP 29-un yüksək səviyyədə paytaxtımızda keçirilməsi və Bakının adı ilə bağlı çox mühüm qərarların qəbul edilməsi Azərbaycanın beynəlxalq arenada əldə etdiyi tarixi nailiyyətdir.
Uğurlarımız sırasında Qazağın işğalda olan 4 kəndinin danışıqlar vasitəsilə geri qaytarılmasını, ölkəmizin kiçik ada dövlətlərinə, o cümlədən Afrika və Asiya qitələrinə yeni açılım siyasətini, D-8 Təşkilatına rəsmi üzv olmağımızı ayrıca qeyd etmək istərdim.
 
Müdafiə və təhlükəsizlik
 
Hesabatda qeyd edildiyi kimi, keçən il ordu quruculuğu prosesi uğurla davam etmiş və müdafiə sanayesi nazirliyinin istehsal etdiyi məhsulların əhəmiyyətli hissəsi xaricə ixrac olunmuşdur ki, bu da Azərbayacan üçün əlavə iqtisadi, siyasi və hərbi güc deməkdir. 
 
Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın və dövlətimizin təhlükəsizliyi, ictimai asayişin qorunması etibarlı şəkildə təmin edilmiş, cinəyatkarlıqla mübarizə sahəsində qarşıda duran bütün vəzifələr uğurla icra olunmuşdur. 
 
Böyük Qayıdış
 
Sevindirici haldır ki, cənab Prezidentin birbaşa dəstəyi və qayğısı ilə 2024-cü ildə 1429 ailə olmaqla 5542 nəfər soydaşımızın vətən həsrətinə son qoyulmuş və onlar Şərqi Zəngəzurda və Qarabağda yüksək səviyyədə yenidən tikilmiş və bütün sosial infrastrukturla təchiz edilmiş evlərə köçürülmüşlər.
 
İşğaldan  azad edilmiş ərazilərin yenidən qurulması işi sürətlə davam etmiş, yüzlərlə  km avtomobil yolu, onlarla körpü, tunel, məktəb, sənaye müəssisələri, mədəniyyət və səhiyyə binaları tikilib istifadəyə verilmiş, 62 min hektardan çox ərazi minalardan təmizlənmişdir.
 
Hesab edirəm ki, elə bu faktlar da kifayətdir ki, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyətini  yüksək qiymətləndirək və xalqımızın rifahı, dövlətimizin inkişafı və təhlükəsizliyi naminə həyata keçirdiyi yorulmaz fəaliyyətinə görə cənab Prezidentə seçicilərimiz adından təşəkkür edək.
 
Azay Quliyev
Milli Məclisin deputatı
Seçilən
0
1
moderator.az

2Mənbələr