AZ

“Ermənistan sülh danışıqları ilə bağlı sözdə və görüntüdə konstruktiv mövqe nümayiş etdirsə də, arxa pərdədə hərbiləşdirilir” - RƏY

“XII Qlobal Bakı Forumun açılış mərasimində Ceyhun Bayramovun verdiyi açıqlamalara əsasən deyə bilərik ki, artıq sülh müqaviləsinin ümumi mətni ilə bağlı razılıq əldə olunub və bu istiqamətdə razılaşdırılmamış hər hansı bənd qalmayıb. Amma ümumilikdə sülh prosesinin yekunlaşması və sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər Ermənistan tərəfindən yerinə yetirilmədiyindən yaxın perspektivdə sülh müqaviləsinin imzalanması hələ ki gündəlikdə olan məsələlər qismində dəyərləndirilə bilməz. Çünki Ermənistan tərəfindən götürülən öhdəliklər, Azərbaycan tərəfindən irəli sürülmüş Zəngəzur dəhlizinin açılması, Ermənistan ərazisinə hərbsizləşdirilmiş - demilitarizasiya edilmiş zonanın yaradılması və Azərbaycanın Ermənistanla birlikdə ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı müraciətinin ünvanlanması kimi şərtlər var. Bunlar da mütləq şəkildə Ermənistan tərəfindən yerinə yetirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Qeyri-dost

Politoloq bildirib ki, ən əsas prinsipial məsələ Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklə bağlıdır: “Bildiyimiz kimi, Konstitusiyanın preambula hissəsində müstəqillik aktına istinad var. Müstəqillik aktı da Azərbaycana qarşı olan ərazi iddialarını özündə ehtiva edir və bu da davamlı sülhə zərbə vuran ən əsas istiqamətlərdən biridir. Çünki imzalanacaq sülh mətninin perspektivdə davamlılığını təmin etmək, Ermənistan tərəfindən hər hansı formada  yenidən ərazi iddialarının səsləndirilməyəcəyinə dair hüquqi öhdəliyin götürülməsi regionda sülh və sabitlik üçün ən əsas prinsipial şərtdir. Bir sözlə, Ermənistan götürdüyü öhdəlikləri, Azərbaycan tərəfindən irəli sürülən şərtləri yerinə yetirdiyi halda sülh müqaviləsinin imzalanması ilə bağlı hər hansı formada mümkün reallıq nəzərdən keçirilə bilər. Digər istiqamət budur ki, Ermənistan sülh danışıqları ilə bağlı sözdə və görüntüdə konstruktiv mövqe nümayiş etdirsə də, sülhü imitasiya etsə də, arxa pərdədə hərbiləşdirilir. Ermənistanın Avropanın fərqli-fərqli siyasi mərkəzləri tərəfindən hərbiləşməsi davam etməklə yanaşı, regionda yeni münaqişə ocağının yaradılmasını hədəfləyən təxribatlar, atəşkəsin mütəmadi pozulması halları, Ermənistanda revanşist əhvali-ruhiyyəli çıxışlar, işğalçılıq ideologiyasını yaymaq üçün platforma yaradılması, onun himayə edilməsi bir daha göstərir ki, sülhü imitasiya edən Ermənistan və himayədarları heç də sülh hədəfli deyil. Ya da onların sülh anlayışı ilə beynəlxalq hüquqa və ədalətə əsaslanan sülh prosesinə, sülh müqaviləsinə dair anlayışlar üst-üstə düşmür. Beləliklə, bəndlər üzrə razılıq əldə olunsa da, təəssüf ki, qarşımızda sülh müqaviləsini imzalamağa hazır, etibarlı tərəfdaş görmədiyimiz üçün yaxın perspektivdə sülh müqaviləsinin imzalanması hələ real görünmür”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2025, 17:18   
Seçilən
39
50
pravda.az

10Mənbələr