Bakı, 14 mart, AZƏRTAC
Dayanıqlı inkişaf yolunda inamla irəliləyən Azərbaycan qazandığı tarixi nailiyyətləri, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi ilə dünyanı düşündürən məsələlərin müzakirəsi üçün mühüm mərkəzə çevrilib. Ötən il COP29 kimi mötəbər tədbirə uğurla ev sahibliyi edən ölkəmiz konfransın tarixi nəticələrlə başa çatmasına nail oldu. Artıq 12-ci dəfədir ki, təşkil olunan Qlobal Bakı Forumu isə qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
“COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın növbəti təzahürüdür. Azərbaycan bütün qarayaxma kampaniyalarına, boykot cəhdlərinə baxmayaraq, bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdi. Bu beynəlxalq miqyasda ölkəmizin nüfuzunun, Azərbaycana, onun Liderinə olan hörmətin əyani təzahürüdür”, - deyə deputat vurğulayıb.
Mircəlil Qasımlı qeyd edib ki, Azərbaycanın uğurlu xarici siyasəti COP29 tədbirinin tarixi nəticələrə imza atmasına böyük töhfə verdi. Paris Sazişinin 6-cı maddəsi üzrə razılığın əldə olunması, bərpaolunan enerji layihələrinə maliyyə vəsaitinin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması tədbirin mühüm nailiyyətləridir.
Deputat deyib: “Dövlətimizin başçısı Forumun açılışı zamanı çıxışında COP29 tədbiri öncəsi ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarından, boykot cəhdlərindən bəhs edərək, olduqca mühüm məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu cür cəhdləri “COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası” adlandırdı. Təbii ki, Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirməyə çalışan bu dairələr ölkəmizin, Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun qarşısında məğlubiyyətə məhkum idilər. 70 dövlət və hökumət başçısının qatıldığı, 70 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi bu tədbir və onun yüksək nəticələri Azərbaycanın qüdrətinin, ona olan dərin hörmətin yüksək təzahürüdür”.
Azərbaycanın bu gün regionda sülh və sabitliyin bərqərar olması üçün önəmli addımlar atdığını söyləyən deputat qeyd edib ki, ölkəmiz öz gücü hesabına təxminən 30 il davam edən ədalətsizliyə son qoydu, BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etdi. Bu gün ölkəmiz öz gücü ilə tarixi torpaqlarını bərpa edir, böyük quruculuq işlərini həyata keçirir, vətəndaşlarının doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmasını təmin edir.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistan ilə sülh danışıqlarının başlanması, regionda sabitlik və əmin-amanlığın təmin olunması, iqtisadi kommunikasiyaların qurulması istiqamətində təşəbbüslərlə çıxış etdi, bu sahədə əməli fəaliyyət həyata keçirdi. “İşğalın davam etdiyi dövrdə münaqişənin həlli ilə bağlı heç bir irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsinin heç bir məntiqi yoxdur. Eyni zamanda, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ölkəmiz üçün qəbuledilməzdir”, - deyə M.Qasımlı vurğulayıb.
Deputat qeyd edib ki, sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda Avropa İttifaqının missiyasının Azərbaycan ilə sərhəddə kəşfiyyat fəaliyyəti ilə məşğul olması, Ermənistanın Fransa tərəfindən silahlandırılması regionda ölkəmizə qarşı yeni müharibəyə hazırlıq işlərinin aparıldığını deməyə əsas verir. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, o zaman bütün bunlara nə ehtiyac var.
“Bu gün Azərbaycan kifayət qədər güclü iqtisadi imkanlara, qüdrətli orduya, möhkəm beynəlxalq mövqeyə malikdir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr regional, qlobal təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. Azərbaycan beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirə olunduğu önəmli platformaların müəllifidir. Beynəlxalq ictimaiyyət də Azərbaycana yüksək etimad göstərir. Bu baxımdan, heç bir təhdid, təxribat ölkəmizin iradəsini sarsıda bilməz”, - deyə deputat fikirlərini yekunlaşdırıb.