AZ

Ekspert:Son 1 ildə qatarlara sərnişin marağı artıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC 1,4 milyondan çox sərnişin daşıyıb. ADY-nin rəsmi məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38 faiz artaraq 3 763 olub. "Azərbaycan Dəmir Yolları" QSC bayram günlərində sərnişin daşınmada tələbatın artdığını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutuna martın 18-nə əlavə Qatar reysləri təyin edib. Səhmdar cəmiyyətin məlumatında bildirilir ki, bu, artan sərnişin tələbatını təmin etmək məqsədi daşıyır. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür. Hərəkət cədvəli və biletlər haqqında məlumatlar dəmiryol vağzallarının kassalarından, ADY QSC-nin rəsmi internet saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edilə bilər.

Vətəndaşların dəmir yolundan istifadəyə artan marağı nəylə bağlıdır? Təbii ki, əsas səbəblərdən biri mənzil başına tez, komfortlu və ən önəmlisi darıxdırıcı, əsəb və stress yaradan tıxaclardan uzaq qalmaqdır. Ümumiyyətlə, son zamanlar vətəndaşların şəhər daxilində relsli nəqliyyata - metro və şəhərətrafı elektrik qatarlarına üstünlük verdiyi görünür.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, vətəndaşların relsli nəqliyyata üstünlük verməsi hazırkı şəraitdə tamamilə anlaşılandır:

- Xatırlayırsınızsa, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Və məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilməlidir, buna ehtiyac var, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Həqiqətən də, bu, çox böyük proqram olacaq və böyük maliyyə tutumlu proqram olacaq. Burada artıq bütün aidiyyəti qurumların birgə və səmərəli fəaliyyəti tələb olunur. Düşünürəm ki, qəbul ediləcək dövlət proqramı Bakı və Abşeron mobilliyi baxımından daha geniş ərazini əhatə edəcək. İndiyədək şəhər mobilliyinin artırılması, ictimai nəqliyyatda çoxnövlüyün tətbiqi, avtobus zolaqları, piyadaların sərbəst, rahat hərəkətinin təmini məqsədilə bir sıra işlər görülüb. Amma bəllidir ki, şəhərin onurğa sütunu relsli nəqliyyat hesab edilir. Bura daha çox sərnişin daşıya biləcək və daha uzun istismar müddəti olan nəqliyyat - metro, tramvay, şəhərətrafı elektrik qatarları daxildir. Bu yöndə də cari ilin əvvəlində ilkin məlumatlar verildi və dünənki iclasda da həmin məqamlara toxunuldu. Çox güman ki, böyük bir proqram təsdiq olunacaq. İlkin verilən xəbərlərə görə, 5 ildə 10 yeni metrostansiya tikiləcək. Eyni zamanda metro və dəmiryolunun keçmədiyi ərazilərdə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Şəhərətrafı elektrik qatarında sərnişindaşımanı 4-5 dəfə artırmaq planlaşdırılır. Düşünürəm ki, bu yanaşmalar şəhər yollarındakı sıxlığın aradan qaldırılmasına müsbət təsir edəcək və ciddi bir alternativ formalaşdıracaq. Elə şərait yaranmalıdır ki, insanlar özləri piyada, yaxud skuter, metro, avtobus, şəhərətrafı elektrik qatarı və tramvayla səfər edəcəklərini seçə bilsinlər. Bu gün görülən işlər doğrudur, amma bu sahəyə qoyulan investisiyaları artırmaq lazımdır. Məsələlərə qlobal yanaşsaq, relsli nəqliyyatın inkişafı önəmlidir. Şəhərin əsas yükünü götürə bilən və mobilliyin təminatı üçün relsli nəqliyyat inkişaf etdirilməlidir. Yerüstü metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarlarının sayı, sürəti, marşrutları artırılmalıdır. Şəhərin daxilində isə 57 yaşlı metronun inkişaf etdirilməsi zəruridir. Bir deyil, bir neçə marşrut olmalıdır ki, nəqliyyat sistemi daha sağlam fəaliyyət göstərə bilsin. Bunun üçün də daha böyük investisiya tutumlu layihələr icra edilməlidir.

R.Ağamirzəyev qeyd etdi ki, insanlar qısa vaxt aralığında komfortlu, təhlükəsiz nəqliyyat növü ilə şəhərə gəlirlərsə, gəlməyə imkan varsa, fərdi nəqliyyatdan ictimai nəqliyyata keçid edəcəklər:

- Biz bunu müşahidə edəcəyik. Göründüyü kimi, bu, mərhələli şəkildə icra olunacaq. Əsas məsələ odur ki, bu sahələrə investisiyanın artırılmasına da diqqət yönəldilsin. Yəni mövcud infrastrukturun həm cari təmirinə, mövcud infrastrukturda yüklənməyə səbəb olan yükün parçalanmasına, sərnişin axınının parçalanmasına yol açacaq layihələr dəyərləndirilməlidir. Elə layihə var ki, çox qısa zamanda başa gələ bilər, mövcud infrastrukturun müəyyən yükünü azalda bilərsə, onu ayrılıqda dəyərləndirib, icra olunmasını təmin etmək və daha orta və uzunmüddətli layihələrin icrasına da başlamaq lazımdır.(sherg.az)

Seçilən
21
avtosfer.az

1Mənbələr