İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal dəyişdirilərkən istifadə olunmamış olmasına diqqət yetirilməlidir. Yəni malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılmalıdır. Malın alınmasına dair kassa qəbzi və digər sənədlər mövcuddursa, bu halda mal dəyişdirilə bilər.
Ölkə.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov deyib.
"Göründüyü kimi, qanunvericilik ilk növbədə lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsi ilə bağlı tələbləri müəyyən edir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı malın qaytarılmasını tələb edə bilər. Malın istifadə olunmamasına və təsdiqedici sənədlərin təqdim edilməsinə olan tələblər malın dəyişdirilməsində olduğu kimi, qaytarılmasına da şamil olunur.
Lakin bəzi mallar var ki, onlar dəyişdirilmir".
Qurum rəsmisinin sözlərinə görə, dəyişdirilməli olmayan malların siyahısı Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilib.
Həmin siyahıya aşağıdakılar daxildir:
1. Qızıl və qızıl məmulatları
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar
3. Bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)
4. Parfümer-kosmetika malları
5. Kişi, qadın və uşaq çimərlik paltarları
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları
7. Məişət-kimyası malları
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
9. Uşaq oyuncaqları
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
E.Cəfərov bildirib ki, malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir: "Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir".