Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma tədbiri keçirilib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov şagirdləri bu cür əlamətdar tədbir münasibətilə təbrik edib və bu müsabiqədə iştirak etməklə onların sadəcə ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək imkanı əldə etməsinə deyil, həmçinin Azərbaycan elminə töhfə verməklə yaxın gələcəyin, sabahın alimləri olmağa bir addım daha yaxınlaşdıqlarını vurğulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev tədbirdə çıxış edərək son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.
Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.