Azərbaycan tarixində mürəkkəb və ziddiyyətli dövrlər çox olub. Amma iki tarix bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ən son yaxın tarixlər 1918-1920-ci illər və 1990-2020-ci illərdir. Bu dövrlər mürəkkəb tarixə malik olsa da, mənəvi və fiziki represiyalara məruz qalsaq da, sonda xalqımız şərəflə bu sınaqlardan üzüağ çıxmışdır.
1918-1920-ci illərdə Azərbaycanın müstəqil dövlət olması və istiqlaliyyətini elan etməsi xalqımızın taleyində mühüm hadisə idi. Təəssüf ki, o zaman torpaqlarımızın bölünməsi prosesinin qarşısını ala bilmədik.
Zamanın tələbi elə bir şərait yaratmışdı ki, bu zərbədən yan keçə bilmədik. Rusiyada baş verən inqilablar və digər siyasi hadisələr təhlükəli situasiyalar yaratmışdı. Torpaq itkisindən əlavə, sonrakı dövrlərdə əsarət altına düşdük və 70 illik əsarət xalqımızın taleyində, yaşam tərzində çox neqativ iz buraxdı.
Lakin xalqımızı tamamilə sarsıdıb məhv edə bilmədilər. Bu da, təbii ki, xalqın şərəfli liderlərinin müstəsna xidmətləri və zəngin milli-mənəvi dəyərlərə sahib olması ilə bağlıdır.
Yenidən, ikinci dövrdə – 1990-2020-ci illərdə torpaq itkisinə məruz qaldıq. Yenə də Rus imperiyasının yaratdığı şərait xalqımıza və dövlətimizə qarşı qərəzli siyasət yürüdərək, bizi torpaq itkisindən və mənəvi repressiyalardan yayındıra bilmədi.
Lakin uzun illər ərzində təmkinlə, siyasi istiqamətimizi məqsədli, planlı və strateji düşünərək hazırlayan, dərin siyasi bilik və təcrübəyə malik İlham Əliyevin rəhbərliyi altında böyük uğura – şərəfli tarixə imza atdıq. İtirdiyimiz torpaqları bərpa etdik.
Bu parlaq qələbə, uzaqgörən və səriştəli siyasi xadimin diplomatiyası, bizə məxsus olan milli mentalitetimizin gücü sayəsində reallaşdı. Bu diplomatiya milli strateji mənafeylərimizə çatmaq üçün mümkün olan hər şeyi etdi. Zəfər bizi yeni tipli maraqların formalaşması üçün yeni yol xəritəsi açmağa yönəltdi.
Bundan əlavə, artıq beynəlxalq münasibətlərin landşaftında Azərbaycan mənafeyi anlayışı öz yerini tutub.
Bu gün yeni dünya nizamında ümumi mənzərə onu nümayiş etdirir ki, millətlərin və dövlətlərin inkişafında müəyyənedici amil güclü lider və onun qlobal siyasətdəki roludur.
Hal-hazırda ölkənin siyasi təbiətini və təyinatını obyektiv dərk edib anlamaq lazımdır.
Bizim üçün önəmli olan milli mənafeyimiz olmalıdır. Millətin şüurunda mənafeyimiz haqqında təsəvvürlərin formalaşmasında öz dəyərlər sisteminə üstünlük verilməli və bu prosesə qətiyyən biganə yanaşmamalıyıq.
Yeni tipli mənafeylərimiz uğrunda şərəfli mübarizədən doğan məqsədlərə nail olmaq daim həmrəyliklə davam etməliyik.
Ramil Hüseynov