AZ

Beynəlxalq jurnallarda çıxan elmi məqalələrimiz niyə azdır? -

Azərbaycanda elmi məqalələrin sayı kifayət qədər olsa da, onların beynəlxalq səviyyədə tanınan jurnallarda dərc olunması hələ də məhdud qalır. Təhsil tədqiqatçısı Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, elmi məqalələrin say azlığından danışarkən bölgü aparmalıyıq: “Ölkə daxilində yazılan və çap edilən elmi məqalələr, ölkə xaricində çap olunan elmi məqalələr və yüksək indeksli jurnallarda çap olunan elmi məqalələr arasında fərq var. Əvvəlcə, kəmiyyət baxımından böyük problemimiz yoxdur. Lakin keyfiyyət məsələsi, fərdi akademik göstəricilər və onların nə dərəcədə əks olunması isə ayrıca müzakirə mövzusudur. Ölkə alimlərinin Azərbaycan dilində yerli elmi jurnallarda çap olunmasında ciddi problemlər yoxdur. Bununla belə, bir neçə çətinlik mövcuddur. Nümunə üçün akademik elmi jurnal sayının azlığı və attestasiya komissiyasından keçən, müəyyən indeksləşmiş jurnalların sayının artırılmasının vacibliyi bu məsələlərdəndir. Məsələn, ictimai-humanitar sahədə cəmi 10 deyil, 30 jurnalın olması daha yaxşı olardı. Bu yalnız bir sahəyə aid deyil, bütün elm sahələrində daha çox akademik jurnalın mövcudluğu arzuolunandır”. Ekspertin sözlərinə görə, daxildə çap olunan elmi məqalələrlə xaricdə nəşr edilən elmi məqalələrin kəmiyyət və keyfiyyət göstəricilərini eyni tutmaq olmaz: “Çünki beynəlxalq aləmdə Azərbaycan alimlərinin elmi məqalə çapı nə kəmiyyət, nə də keyfiyyət baxımından kifayət qədər yüksək səviyyədə deyil. Düzdür, universitetlərimiz ildən-ilə bu göstəricilərin artdığını bildirir. Elm və Təhsil Nazirliyi də bu yaxınlarda belə bir açıqlama vermişdi ki, xaricdə elmi məqalə çap edən alimlərin sayı artıb. Universitetlər üzrə bu göstəricilər fərqlidir. Məsələn, Bakı Dövlət Universiteti, UNEC, ADU, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti və Sumqayıt Dövlət Universitetində bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə olunur”. E.Nuri alimlərin xaricdə çap olunan elmi məqalələrinin sayının artmasını müsbət hal kimi qiymətləndirib: “Lakin bu prosesdə tələsmək olmaz. Xaricdə elmi məqalə çap etdirmək asan deyil. Bu, həm maddi baxımdan, həm də müxtəlif maneələr səbəbindən çətinlik yaradan bir prosesdir. Bəzən alimlər haqqında böyük təmtəraqla danışırlar ki, onların məqaləsi xaricdə, məsələn, Fransada çap olunub. Amma baxdıqda görürsən ki, həmin məqalələr əsasən Hindistan, onun qonşu ölkələri, Cənubi Afrika və digər uzaq ölkələrdə dərc olunub. Halbuki indeksləşmiş jurnallar daha çox Amerika, Avropa, Koreya, Sinqapur və Yaponiya kimi ölkələrdə yerləşir. Xüsusilə də Avropa və Amerika jurnalları dünya elmi mənbələri arasında əsas rol oynayır. Burada əsas sual yaranır ki, çap olunan məqalələr bizim elmimizə nə kimi töhfə verib? Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması və təbliği baxımından hansı addımlar atılıb? Bunu qoruyub saxlamaq lazımdırmı? Çünki bəzən rəqəmlər hər şeyi əks etdirmir və real nəticələri tam ifadə etmir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
17
metbuat.az

1Mənbələr