Ötən il Nazirlər Kabinetinin Aparatına vətəndaşlar tərəfindən 18,8 min ərizə, şikayət və təklif daxil olub.
Ölkə.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əməkhaqqı, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi, kənd təsərrüfatı, ekologiya və meşə təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil, ticarət və pullu xidmətlər, abadlaşdırma, əhaliyə kommunal-məişət xidməti ilə əlaqədar olub.
Nazirlər Kabinetinə həmçinin, inzibati orqanların işi, məhkəmə qərarlarından və hakimin hərəkətlərindən (yaxud hərəkətsizliyindən) edilən şikayətlər, maliyyə, kredit ayrılması, torpaq sahələrinin ayrılması, səhiyyə, humanitar yardım ayrılması, özəlləşdirmə, kompensasiya, məcburi köçkünlərlə bağlı, təbii fəlakətlə bağlı, koronavirus pandemiyası ilə əlaqədər vətəndaşların sərhəd-buraxılış məntəqələrindən ölkəyə gəlişi və ölkədən gedişi ilə bağlı icazələrin verilməsi və digər məsələlərlə bağlı da müraciətlər edilib.
Hesabat dövründə Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri və məsul işçiləri tərəfindən 5,1 min vətəndaş qəbul edilib.