Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin tarixi kökləri vardır. Vətənpərvərlik ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Bu hissin formalaşdırılmasında valideynin, müəllimin və komandirin rolu böyükdür.
Prezident İlham Əliyev demişdir : "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.
Belə də oldu. Məhz vətənpərvər gənclərimizin sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Düzdür, vətənpərvərlik hissinin aşılanması zaman, səbr və qətiyyət tələb edən işdir. Bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər. Hər gün himn səsləndirilir , vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrədilir, uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər. Lakin ailədə vətənə məhəbbət hissi aşılanmasa, bağçada aparılan işlərin təsiri az olur. Çünki, uşaq bağçadan çox, anadan, atadan aldığı informasiyanı ürəklə qəbul edir.
Vətənpərvərlik hissinin aşılanması məktəbdə davam etdirilir. Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb- oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur . Orta məktəbdə vətənpərvər ruhda tərbiyə alan bir gənc hərbi xidmət dövründə komandirinin düzgün istiqamətləndirməsi ilə Vətəninə hazır bir əsgər, zabit kimi yetişir. Belə gənclərimizdən biri də şəhid Quliyev Orxan Vaqif oğludur.
Orxan Quliyev 20 oktyabr 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Anası Minayə xanım övladını tək başına böyüdüb. Ona həm ana olub, həm ata. Vətənə layiqli, vətənpərvər bir oğul böyüdən ana özü də hərbi hissədə çalışıb. Orta təhsilini 1993- cü ildə Naxçıvan şəhərində 705 saylı məktəbdə almağa başlayan Orxan boş zamanlarını anasının yanında keçirdiyindən hərbçi həyatını yaxından görür. Böyüyəndə də zabit kimi Vətəninin keşiyində durmağı qarşısına məqsəd qoyur.
Məqsədinə nail olmaq yolunda atdığı ilk addımı da 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseydən başlayır. 2005-ci ildə liseyi müvəffəqiyyətlə bitirir və həmin ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.
2009-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirən leytenant Orxan Quliyev Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb. Daha sonra təyinatla Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsəyə göndərilib. Orada baş-leytenant rütbəsi ilə kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmətini davam etdirib. Orxan xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən fəxri fərman və diplomlarla təltif edilib.
Hamımıza məlumdur ki, torpaqlarımıza göz dikən mənfur qonşumuz Ermənistanın 90-cı illərin əvvəllərindən başlatdığı savaşda torpaqlarımızın 20 faizi işğal altına düşmüşdü. 1994-cü ildə iki dövlət arasında razılığa əsasən, atəşkəs elan olunsa da, müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs pozulur, təxribat törədilirdi. 2020-ci ilin sentyabr ayınadək hər dəfə düşmən təxribatının qarşısı qətiyyətlə alınmış, strateji ərazilər azad edilmişdir. Lakin bu əməliyyatlar da itgisiz ötüşmürdü. Şəhidlərimiz olurdu. 2015-ci il martın 13-də Quliyev Orxan Vaqif oğlu Füzuli rayonunun Alxanlı kəndində xidməti vəzifəsini icra edən zaman düşmən yenidən təxribata əl atır, mövqelərimiz atəşə tutulur. İgid döyüşçülərimiz bu təxribatın da qarşısını qətiyyətlə alır və bu döyüşdə Orxan qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Şəhid Quliyev Orxan Vaqif oğlunun nəşi Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ondan 1oğul övladı vətənə yadigar qalıb. Heç şübhəsiz ki, yeniyetmə Orxan da atasının adını fəxrlə daşıyacaq, Vətəninə layiqli bir kişi kimi böyüyəcək.
Orxanın anım günündə Şərur rayon Şəhidlər xiyabanında izdihamlı tədbir keçirildi. Bu əlamətdar gündə dövlət nümayəndələri, idarə, təşkilat əməkdaşları, hərbçilər, polislər, qazilər və şəhid ailələri Minayə xanımın yanında oldu. Şəhidimizi xoş xatirələrlə yad etdilər. Məzarı üstünə tər çiçəklər düzüldü, əklil qoyuldu. Ruhuna dualar edilib şəhid anasına başsağlığı verildi. Tədbir iştirakçıları şəhidimizə dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının necə vətənpərvər, mərd, qəhrəman bir xalq olmasından fəxrlə danışıb, bu nəslin nümayəndələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən söz açdılar. Bildirdilər ki, qəhrəman oğullarımız Orxan kimi igidlərimizin qanını yerdə qoymadı. Artıq şəhidlərimizin ruhu şaddır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi