“Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Ölkə başçısı bir vaxtlar Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs rejimini misal gətirərək, müharibələrin təkcə sülh müqaviləsi ilə sonlana biləcəyini vurğulayıb:
“Demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.