AZ

"Bu baş verərsə, Cənubi Qafqaza və bütövlükdə regiona uzunmüddətli sülh gələ bilər” — RƏY

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.


Sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı.Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.

Sazişin 17 maddəsinin tam razılaşdırılması Cənubi Qafqazda sülh və stabilliyə nə dərəcədə təminat verir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasında 17 maddəlik sülh sazişinin mətni üzərində aparılan danışıqların artıq tam yekunlaşdığı bildirilib:

“Əvvəllər 15 maddə razılaşdırılmışdı, indi isə bütün maddələr üzrə tam razılıq əldə olunub. Ən önəmli məsələ isə artıq bu mətnin yazılması və icrasıdır. Burada Ermənistanı narahat edən əsas məqam beynəlxalq iddiaların irəli sürülməməsi və tərəflərin məhkəməyə müraciət etməməsidir. Çünki Ermənistan anlayır ki, əgər məsələ beynəlxalq məhkəmələrə çıxarılarsa, bu, onun üçün heç də əlverişli olmayacaq.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinin işğalı, həmin ərazilərdə törədilmiş dağıntılar, azərbaycanlıların deportasiyası və qaçqın vəziyyətinə salınması kimi ciddi hüquqi məsələlər var. Bu faktorlar Ermənistanın ziyanına işləyə biləcək amillərdir. Lakin proses bununla yekunlaşmır. Ermənistan Konstitusiyasını dəyişməli, oradakı ərazi iddialarını ləğv etməlidir. Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Nəqliyyat dəhlizlərinin açılması, Azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına geri qayıtması da həll edilməli olan məsələlər arasındadır”.

Politoloq bildirib ki, bu addımlar atılarsa, Cənubi Qafqaza sülh gələ bilər:

“Lakin bölgədə tam sülhün təmin olunması təkcə Azərbaycan və Ermənistan arasındakı proseslə bitmir. Gürcüstan-Rusiya arasındakı mövcud vəziyyət də regional sabitlik üçün vacibdir. Əgər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi tam imzalanıb icra edilərsə, bu, bütövlükdə Cənubi Qafqazda daha genişmiqyaslı sülhün formalaşmasına imkan yarada bilər. Bu halda, böyük güclərin region üzərindəki planları zəifləyər və sülh prosesi Azərbaycanla Ermənistanın öz maraqlarına xidmət edəcək bir istiqamətə yönələ bilər.
Son dövrlərdə dünyanın müxtəlif bölgələrində baş verən regional münaqişələr beynəlxalq narahatlıq yaradır. Bu baxımdan, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ümumi geosiyasi sabitliyə də töhfə verə bilər.

Bunun üçün isə Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan artıq öz üzərinə düşən sülh addımlarını atıb və qarşı tərəfin də buna əməl etməsini gözləyir. Əgər bu baş verərsə, nəhayət ki, Cənubi Qafqaza və bütövlükdə regiona uzunmüddətli sülh gələ bilər”.

Leyla Turan
Demokrat.az

Seçilən
5
demokrat.az

1Mənbələr