İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspert Qartal Hüseynov Gəncə Baş Polis İdarəsində və respublikanın bir sıra rayon polis şöbələrində monitorinqlər keçirib.
Avtosfer.az-ın məlumatına görə, Tural Hüseynovun verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları, qida və dərmanla təmin olunmaları və s. olub:
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bu ay ərzində Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlanma yeri, Şəmkir, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Hacıqabul, Şirvan, Ağsu və Göyçay rayon Polis Şöbələrində olub. Orada saxlanılan şəxslərlə bağlı söhbətlər aparılıb”.
Tural Hüseynov qeyd edib ki, polis şöbələrində ən çox saxlanılanlar alimentin verilməsi ilə bağlı tutulan şəxslər olub:
“Həmin şəxslərlə də söhbətlər aparılıb. Bəziləri də artıq bir neçə dəfə aliment ödəmədiyi üçün saxlanılan şəxslərdir. Ümumiyyətlə, alimentlə bağlı saxlanılan şəxslərlə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi müəyyən layihə hazırlayıb. Yaxın günlərdə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Biz təklif edirik ki, alimenti ödəməyən şəxslər məcburi əməyə cəlb olunsun və iş qazanclarından tutularaq alimentin ödənilməsinə yönləndirilsin”.
Komitə sədri qeyd edib ki, aprel ayı ərzində bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlər keçiriləcək.