Çempionlar Liqasının 1/8 finalının “Real” – “Atletiko” (Madrid) oyununu idarə etmiş polyak hakim Şimon Marçinyak nəhayət dilə gəlib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, hakim oyunun penaltilər silsiləsində “döşəkçilər”in argentinalı hücumçusu Xulian Alvareslə bağlı məqamı şərh edib.
Şimon Marçinyak bildirib ki, Alvaresin, oyunsonrası penaltinin icrası zamanı topa iki dəfə toxunması ilə bağlı məqamı özü görüb və “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin bu məsələdə iştirakını isə təkzib edib:
“Mən bu barədə VAR sisteminə məlumatla özüm müraciət etdim ki, Alvares, güman ki, topa iki dəfə toxunub, onlar isə bu məqamdan etibarən əsaslı yoxlama apardılar…
Mbappenin, ikiqat toxunuş haqda deməsi ilə bağlı iddiası isə həqiqətə uyğun deyil. Düzünü desəm, mən özümün bütün hakimlik karerası ərzində müvafiq halla heç vaxt üzləşməmişəm, ancaq oyunçular da qaydaları bilməlidirlər”, deyə polyak ədalət təmsilçisi vurğulayıb.
Xatırladaq ki, oyunsonrası penaltilər silsiləsində hesab 2:1 “Real”ın xeyrinə ikən “döşəkçilər”in ikinci penaltisini vurmaq üçün “nöqtə”yə yaxınlaşmış Xulian Alvares dəqiq olsa da, zərbənin icrası zamanı texniki naşılığa yol verib. Xulian zərbə vurmaq istəyərkən büdrəyərək, sürüşüb. Hakim argentinalı futbolçunun topa iki dəfə toxunuş etdiyini əsas gətirərək, qolu ləğv edib. Beləcə “Real” həm hesab və həm də psixoloji üstünlüyünü saxlayaraq, penaltilər silsiləsini öz xeyrinə uğurla başa vurub – 4:2 (ilk oyun 1:0; cavab oyunu 0:1).
Oyundan sonra bu məqam mətbuat üçün “bir aylıq azuqə”yə çevrilib. İspaniya mətbuatında bu, qızğın surətdə müzakirə edilir. Xulian Alvares də topa iki dəfə toxunduğunu hiss etmədiyin bildirərək, aranın dha da qızışmasına rəvac verib.