Yay mövsümündə səyahət edərkən kondisionerdən istifadə sürücülərin ən çox düşündüyü məsələlərdən biridir. Çoxları kondisionerin yanacaq sərfini artıracağını düşünür, amma düzgün istifadə ilə bu təsir minimuma endirilə bilər. Kondisionerin yanacaq sərfiyyatına təsiri bir çox faktordan asılıdır, o cümlədən xarici hava temperaturu, sürət və nəqliyyat vasitəsinin növü.
70 kilometr-saatdan yüksək sürətlə səyahət edərkən kondisionerin istifadəsi pəncərələri açmaqdan daha qənaətlidir. Çünki pəncərələrin açılması avtomobilin aerodinamikasını pozur və bu, yanacaq sərfini 20% artırır. Kondisioner isə yalnız 10% yanacaq sərfini artırır. Əgər sürət 70 kilometr-saatdan aşağıdırsa, pəncərələri açmaq daha qənaətlidir.
Avtosfer.az xəbər verir ki, avtomobil hərəkətsiz olduğu halda kondisionerin uzun müddət işləməsi yanacaq sərfiyyatının artmasına səbəb olur.
Kondisioneri işə salmazdan qabaq pəncərələri açaraq havanın dövranını təmin etmək, sonra isə kondisioneri işə salmaq daha düzgün yanaşma olacaq.
Avtomatik kondisioner mexaniki kondisionerlə müqayisədə daha qənaətlidir. Avtomatik sistemlər müəyyən temperatur səviyyəsinə çatdıqda işini yavaşladır, bu da yanacaq sərfiyyatını 20-25% azaldır. Bu səbəbdən, rəqəmsal kondisioner daha səmərəlidir.
Köhnə və tozlu salon filtrləri kondisionerin səmərəli işləməsinə mane olur və yanacaq sərfiyyatını artırır. Filtr müntəzəm olaraq dəyişdirilməlidir. Həmçinin, uzun müddət istifadə edilməyən kondisionerin işə salınması da sistemin sazlığı üçün vacibdir.
Kondisioner kompressoru avtomobilin mühərrikindən enerji alır və bu da mühərrikə əlavə yük yaradır. Mühərrikin gücü nə qədər yüksək olsa, kondisionerin təsiri də bir o qədər az olur.
Kondisionerin istifadəsi yanacaq sərfiyyatını artırsa da, düzgün istifadə ilə bu artım məqbul səviyyədə saxlanıla bilər. Səyahət edərkən kondisionerin düzgün seçimi və sürücülük vərdişləri yanacaq sərfiyyatını minimuma endirməyə kömək edəcək. Həmçinin, avtomobilinizin kondisioner sisteminə mütəmadi olaraq qulluq onun daha səmərəli işini təmin edəcək.
Eltac Zülfüqaroğlu