Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinin mühasirəsi yoxdur.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Ukrayna bölmələrinin guya Kursk vilayətində düşmən tərəfindən “mühasirəyə alınması” ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir və ruslar tərəfindən siyasi məqsədlər, Ukraynaya və tərəfdaşlarına təzyiq göstərmək üçün yaradılıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, son 24 saat ərzində vəziyyətin ciddi şəkildə dəyişmədiyi qeyd edilir. Kursk qoşunları qrupunun əməliyyat zonasında döyüş əməliyyatları davam edir.
“Ukrayna Müdafiə Qüvvələrinin bölmələri yenidən qruplaşdırılıb, daha sərfəli müdafiə mövqelərinə çəkilib və Kursk vilayətinin ərazisində verilmiş tapşırıqları yerinə yetirirlər”, - məlumatda deyilir. Həmçinin bildirilir ki, Ukrayna əsgərləri düşmənin hücum hərəkətlərini dəf edir və onlara bütün növ silahlardan təsirli atəş zərbələri vurur. Bundan başqa, cari günün əvvəlindən Kursk istiqamətində 13 hərbi toqquşma baş verib. "Bölmələrimizin mühasirəyə düşməsi təhlükəsi yoxdur", - məlumatda deyilir.
Baş Qərargahın saat 16:00-a olan məlumatına görə, ruslar cari gün ərzində 16 hava zərbəsi, 25 idarə olunan bomba atıb, 98 artilleriya hücumu həyata keçirib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, minlərlə ukraynalı əsgər Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və onlar həssas vəziyyətdədir.
O, Putindən mühasirəyə alınan Ukrayna hərbçilərini bağışlamasını istədiyini bildirib: “İndi minlərlə Ukrayna əsgəri Rusiyanın mühasirəsindədir. Mən Prezident Putindən onların həyatlarına rəhm olunmasını ciddi şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya Müharibəsindən bəri görülməmiş dəhşətli bir qırğın olardı. Tanrı hamısını qorusun”.
“AzPolitika”